Bakıda dolğu etdirən qadının bədəni çürüdü  - Həkim "qeybə çəkilib"
11 sentyabr 2026 15:30 (UTC +04:00)

Bakıda dolğu etdirən qadının bədəni çürüdü - Həkim "qeybə çəkilib"

0

“Gülarə Medical Center”də sağrı nahiyəsinə dolğu etdirən qadının bədəni çürüyüb.

Bu barədə zərərçəkən özü Lent.az-a məlumat verib.

Şikayətçi bildirib ki, avqustun 26-da “Gülarə Medical Center”ə müraciət edərək, Vəfa adlı həkim tərəfindən prosedura yazılıb. Lakin proseduru özünü Ema kimi təqdim edən Elmira həkim edib.

""Instagram" platformasında klinikanın əlaqə nömrəsi ilə danışıb, maraqlanıb, gün təyin etdik. Həmin hesabı da Vəfa adlı qadın idarə edir. Elmira adlı həkim həmin xəstəxanada çalışmır. Yalnız bəzi hallarda prosedurları ona icra etdirirlər. Həmin Vəfa və Ema adlı xanımlarla yazışmalar və səs yazıları məndə var”, - deyə şikayətçi qeyd edib.

Zərərçəkənin sözlərinə görə, prosedurdan bir gün sonra bədənində allergiya başlayıb, dolğu tətbiq edilən iynənin yeri isə çürümə gedib. Məsələdən sonra xəstə klinikaya müraciət edib, təzminat tələb etsə də, ona məhəl qoyulmayıb. 

Vəziyyəti pisləşən qadın Kliniki Tibbi Mərkəzə gedib. Ona ilkin tibbi yardım göstərilib və ağır vəziyyətdə toksikologiya şöbəsinə göndərilib. 

Şikayətlərdən sonra "Gülarə Medical Center"də ümumi cərrah kimi çalışan Elnurə Əliyeva onu müalicə edəcəyini, dolğunun fəsadlarını bədənindən çıxaracağını bildirib. Bundan sonra o, xəstəni işlədiyi digər klinikaya, “Avrasiya”ya aparıb, lakin müalicə əks təsir göstərib. 

“Elnurə həkim bədənimdəki dolğuların bir dəfəyə çıxarıla bilməyəcəyini söylədi. Məni çalışdığı “Avrasiya” klinikasına apardı. Lakin müalicələr zamanı bədənimdə ağır dərəcəli allergiyalar əmələ gəldi, nəfəsim kəsildi, boğulmağa başladım. 

Vəziyyətimlə əlaqədar beş xəstəxanaya müraciət etmişəm. Onlardan üçü dövlət, ikisi isə özəl klinikadır. Xəstəxanalardan ikisində qısa müddətli, digərlərində isə 2-3 və 6 gün olmaqla yatılı müalicə almışam”, - deyə, şikayətçi əlavə edib. 

Məsələ ilə bağlı “Gülarə Mecial Center”lə əlaqə saxladıq. Həkimin assistenti olduğunu söyləyən qadın bildirdi ki, klinikada Elmira adlı həkim çalışmır:

“Bizdə Elnurə adlı həkim çalışır. Elmira adlı həkim olmayıb. Daha ətraflı maraqlanıb sizə xəbər edərik”. 

Daha sonra yekun məlumat almaqla bağlı klinikayla əlaqə saxlamağa çalışsaq da, onlardan heç bir cavab almadıq. 

Klinikanın lisenziyasının olub-olmaması ilə bağlı Səhiyyə Nazirliyinin Analtik Ekspertiza (AEM) Mərkəzinə sorğu ünvanlamışıq. 

YENİLƏNƏCƏK...

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 188

Oxşar yazılar