Nazirlər Kabineti “Nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət texniki baxışının keçirilməsi qaydaları haqqında Nümunəvi Əsasnamə”də dəyişikliklər edib.
Lent.az-ın verdiyi məlumata görə, respublika ərazisində daimi və ya müvəqqəti qeydiyyatda olan, mülkiyyət formasından asılı olmayaraq bütün mexaniki nəqliyyat vasitələrinə və qoşqularına (yarımqoşqularına) dövlət texniki baxışı yanvarın 1-dən oktyabrın 31-dək olan müddətdə aşağıdakı qaydada həyata keçirilir:
- Traktorların, həmçinin meşə və kənd təsərrüfatında istifadə edilən digər mexaniki nəqliyyat vasitələri, hüquqi və fiziki şəxslərin ümumi istifadədə olan küçə-yol şəbəkəsində istismar üçün nəzərdə tutulmayan texnoloji nəqliyyat vasitələrinin, həmçinin bu maddənin ikinci hissəsinin 3-cü bəndində göstərilən nəqliyyat vasitələri istisna olmaqla mühərrikinin işçi həcmi 50 kub/sm-dən az və konstruktiv maksimal sürəti saatda 50 kilometr və daha az olan digər mexaniki nəqliyyat vasitələri, hüquqi və fiziki şəxslərin yarış məqsədli idman nəqliyyat vasitələrinə, həmçinin avtobuslara, icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük avtonəqliyyat vasitələrinə, təhlükəli yüklərin daşınması üçün xüsusi təyinatlı texniki təhlükəsizlik üzrə uyğunluq sertifikatı olan nəqliyyat vasitələrinə - ildə bir dəfə;
- Mühərrikinin işçi həcmi 50 kub/sm və daha çox, konstruktiv maksimal sürəti saatda 50 kilometrdən artıq olan bütün tipli, markalı və modelli mexaniki nəqliyyat vasitələri, onların qoşquları və yarımqoşqular istehsal olunduqları vaxtdan dörd il keçdikdə iki ildə bir dəfə, istehsal olunduqları vaxtdan on il keçdikdə ildə bir dəfə.
Bu nəqliyyat vasitələrində nəzərdə tutulmuş müddətlər bitdikdən sonra növbəti il ərzində nəqliyyat vasitələri bu müvafiq orqanlar tərəfindən dövlət texniki baxışının keçirilməsi üçün təqdim edilməlidir.
Aşağıdakı müddətdə nəqliyyat vasitələri texniki baxışa cəlb olunmur:
- Traktorların, həmçinin meşə və kənd təsərrüfatında istifadə edilən digər mexaniki nəqliyyat vasitələri, hüquqi və fiziki şəxslərin ümumi istifadədə olan küçə-yol şəbəkəsində istismar üçün nəzərdə tutulmayan texnoloji nəqliyyat vasitələri, mühərrikinin işçi həcmi 50 kub/sm-dən az və konstruktiv maksimal sürəti saatda 50 kilometr və daha az olan digər mexaniki nəqliyyat vasitələri, hüquqi və fiziki şəxslərin yarış məqsədli idman nəqliyyat vasitələri, həmçinin avtobuslar, icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük avtonəqliyyat vasitələri, təhlükəli yüklərin daşınması üçün xüsusi təyinatlı texniki təhlükəsizlik üzrə uyğunluq sertifikatı olan nəqliyyat vasitələri - istehsal olunduğu vaxtdan bir il müddətində;
- Mühərrikinin işçi həcmi 50 kub/sm və daha çox, konstruktiv maksimal sürəti saatda 50 kilometrdən artıq olan bütün tipli, markalı və modelli mexaniki nəqliyyat vasitələri, onların qoşquları və yarımqoşqular istehsal olunduğu vaxtdan dörd il müddətində.
Bu nəqliyyat vasitələri bu bəndin 1-ci və 2-ci hissələrində nəzərdə tutulmuş müddətlərin qurtardığı il də daxil olmaqla, dövlət texniki baxışına cəlb olunmurlar.