2014-cü ilin “Gənclər Paytaxtı”nın seçiminə start verilib. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovanın Lent.az-a veridyi məlumata görə, Azərbaycanın "Gənclər Paytaxtı"nın seçilməsində yaşadığı yerindən, vətəndaşlığından, yaşından, milliyyətindən asılı olmayaraq hər kəs bərabər hüquqla iştirak edə bilər. Bunun üçün www.genclerpaytaxti.az internet saytına daxil olmaqla 2014-cü ilin “Gənclər Paytaxtı” nı seçmək mümkündür.
Qeyd edək ki, "Gənclər Paytaxtı" layihəsi “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramına müvafiq olaraq 2012-ci ildən başlayaraq hər il həyata keçirilir. Bakı şəhəri istisna olmaqla keçirilən səsvermədə 2012-ci ilin “Gənclər Paytaxtı” Gəncə şəhəri, 2013-cü ilin “Gənclər paytaxtı” isə Biləsuvar şəhəri seçilib.
“Gənclər paytaxtı”nın seçimi regionlarda gənclərlə işin daha da canlandırılması və inkişaf etdirilməsi məqsədilə gerçəkləşir. Bir il müddətinə seçilən şəhər (rayon) gənclərin ictimai, siyasi, sosial, iqtisadi və mədəni həyatda fəal iştirakı təmin edir, onların intellektual və yaradıcılıq potensialını artırır.
Beləliklə, 2014-cü il yanvarın 23-də start götürən səsvermə fevralın 1-i saat 23:59-dək davam edəcək. Bu ilin "Gənclər Paytaxtı"nın adı isə fevralın 3-də Azərbaycan gəncləri günü münasibətilə Gənclər və İdman Nazirliyi tərəfindən keçiriləcək tədbirdə rəsmi şəkildə elan ediləcək.
Qeyd edək ki, bu il Təşkilat Komitəsi tərəfindən "Gənclər Paytaxtı"nın seçim qaydalarına dəyişikliklər edilib. Yeni qaydalara əsasən, seçim 2 mərhələdə həyata keçirilir. İlk mərhələdə Təşkilat Komitəsi tərəfindən namizədliyi irəli sürülən şəhər və rayonlar arasında təqdim olunan sənədlərə əsasən seçim aparılıb, səsvermə siyahısı formalaşdırılıb. Bu il "Gənclər Paytaxtı"nın seçimi ilə bağlı elan edilmiş müsabiqəyə 27 şəhər (rayon) tərəfindən namizədlik irəli sürülmüş, onlardan 15-i səsvermə siyahısına daxil edilərək ikinci mərhələyə buraxılıb. İkinci mərhələ ötən illərdə də olduğu kimi internet səsverməsi vasitəsi ilə həyata keçirilir.