Xankəndi şəhərində uzun illər sonra ilk toy başlayıb.
Lent.az APA-ya istinadla xəbər verir ki, .əhərdə yerləşən restoranlardan birində baş tutan mərasimdə bəylə gəlin “Qarabağ Şikəstəsi” sədaları altında toy zalına daxil olub. Sonra Azərbaycanın Dövlət Himni səsləndirilib, Vətən uğurunda şəhid olan qəhrəmanlarımızın xatirəsi ehtiram anılıb. Çıxış edənlər hər iki gəncə xeyr-dua veriblər və toy şənliyi başlayıb.
Bəyin valideynləri bu xoş gündə təəssüratını jurnalistlərlə bölüşüb. Bəyin atası Kərim Kərimli bildirib: “Şuşa da, Xankəndi də bizim üçün əzizdir. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, şəhidlərimizin igidliyi, qazilərimizin rəşadəti, Azərbaycan xalqının möhkəm birliyi sayəsində biz Xankəndini işğaldan azad etdik. Xankəndinin son 35 illik tarixində ilk dəfə olaraq biz övladımıza toy edirik. Azərbaycan xalqına həmişə toy arzulayıram. Qoy bu gündən etibarən azad Qarabağda toy mövsümü davam etsin. Gənclər bizim övladımızın ardınca gələrək ailə qursunlar”.
Günə ən çox sevinənlərdən biri olan bəy anası Vəsilə Kərimli “Allah hamıya belə toy nəsib eləsin. Şükar bu günümüzə. Şükür ki, Qarabağımızda, Xankəndində belə gözəl toy məclisi qurulub”.
Toyu olan Fərhad Kərimli şad gününün Xankəndidə keçirildiyi üçün özünü xoşbəxt hesab etdiyini bildirib: “Mən əslən Şuşadanam. Ailəmiz may ayında doğma şəhərimiz Şuşaya köçüb. Həmişə arzu edirdik ki, işğaldan azad edilmiş ərazilərdə toyumuz olsun. Bu gün bu arzumuz gerçəkləşib. Çox həyəcanlıyam, 30 ildən artıq işğal altında olan torpaqlarımız azad edilib və mənim toyun Xankəndi şəhərində keçirilir. Mən Qarabağı azad edən Azərbaycan ordusuna təşəkkür edirəm, şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə cansağlığı diləyirəm”.
***
17:31
Xankəndi şəhərində illər sonra ilk toy mərasimi keçiriləcək.
Lent.az xəbər verir ki, bu gün tanınmış jurnalist Kərim Kərimlinin oğlu gənc yazar, Azərbaycan Yazıçılar Birliyinin üzvü Fərhad Kərimlinin toy mərasimi baş tutur. Mərasim Xankəndi şəhərində yerləşən restoranlardan birində keçiriləcək.
Qeyd edək ki, Kərimlilər ailəsi Şuşa şəhərində yaşayırlar. Bəy, gəlin və onların ailə mərasimi keçirilən zala gəlməzdən öncə Şuşa şəhərindəki Şəhidlər Xiyabanını ziyarət edib, sonra Cıdır Düzündə gəzintiyə çıxıblar. Onlar daha sonra Xankəndi şəhərinin mərkəzini gəzəcək və toy keçiriləcək restorana gedəcəklər./APA