Qubada sütunları əyilən körpüdə hərəkət qadağan edilib.
Bu barədə Lent.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.
Qeyd olunub ki, intensiv yağıntılar nəticəsində yaranmış güclü sel suları Quba-Qonaqkənd-Muçu avtomobil yolunun 7-ci kilometrində Qaraçay çayı üzərində mövcud olan 101 metr uzunluğunda olan 4 aşırımlı körpünün dayaqlarını yuyub, nəticədə körpü qəzalı vəziyyətə düşüb.
Dərhal əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 9 N-li Xüsusi Təyinatlı Yol idarəsinin əməkdaşları cəlb olunaraq əlavə təhlükəsizlik tədbirləri görülüb və körpü ilə avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılıb.
Sürücülər müvəqqəti olaraq alternativ yol kimi Quba-Pirvahid-İkinci Nügədi avtomobil yolundan istifadə edə bilərlər.
***
19:15
Quba-Qonaqkənd-Muçu avtomobil yolunun Quba rayonunun II Nügədi kəndi ərazisindən keçən hissəsində Qaraçayın üzərindəki körpü qəzalı vəziyyətə düşüb.
Lent.az APA-ya istinadla xəbər verir ki, çaya gələ güclü sel suları nəticəsində körpünün dayaqlarından bir neçəsi əyilib.
Hazırda yol ötürücüsü uçmaq üzrədir. Körpüdən gediş-gəliş bağlanıb, əraziyə texnikalar gətirilir.
Qeyd edək ki, qəzalı vəziyyətə düşən körpü Quba rayonunun bu istiqamətdə yerləşən 30-dan çox kəndinə gediş-gəlişi təmin edən əsas yol ötürücüsüdür. Rayonun Pirvahid kəndi istiqamətindən alternativ yol olsa da, sakinlərin yolunu xeyli uzadır.