“Qənirə Paşayeva - İTHAF” adlı bədii sərginin açılışı olub -  FOTOLENT
25 sentyabr 2024 19:03 (UTC +04:00)

“Qənirə Paşayeva - İTHAF” adlı bədii sərginin açılışı olub - FOTOLENT

Mərhum deputat, 2020-2023-cü illərdə Milli Məclisin Mədəniyyət Komitəsinin sədri olmuş tanınmış ictimai xadim, professor Qənirə Paşayevanın unudulmaz xatirəsinə həsr olunmuş “Qənirə Paşayeva - İTHAF” adlı bədii sərginin açılışı olub.

Lent.az-ın APA-ya istinadən məlumatına görə, Milli Məclisin Mədəniyyət Komitəsi, Rəssamlar İttifaqı və “HüsnART” Müstəqil Sənət Ocağının təşkilatçılığı, Mədəniyyət Nazirliyi və Milli Xalça Muzeyinin dəstəyi ilə keçirilən sərgidə, ikisi Xalq rəssamı, biri Əməkdar rəssam olmaqla, Azərbaycan Rəssamlar İttifaqının (ARİ) üzvü olan 7 tanınmış rəssamın əsərləri nümayiş olunur.

Milli Məclisin Mədəniyyət komitəsinin eksperti, şair Əkbər Qoşalı giriş nitqi ilə çıxış edərək sərgi və kataloq barədə bəzi məlumatları tədbir iştirakçıları ilə bölüşüb.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Xalq artisti Polad Bülbüloğlu çıxışında bildirib ki, Qənirə Paşayevadan qiymətli irs yadigar qalıb: “Qənirə xanımla ilk tanışlığımız gənc jurnalist olduğu dövrlərə təsadüf edir. Onun istedadı, Vətəninə böyük sevgisi hələ o vaxtlardan sezilirdi. Onun reportajları, hazırladığı materiallar həmişə son dərəcə obyektiv olub. Təəssüf ki, Qənirə xanım aramızdan çox tez ayrıldı. Amma özündən sonra böyük irs qoyub getdi. Mədəniyyət komitəsinə rəhbərlik etdiyi dövrlərdə də mədəniyyət adamlarına qarşı çox həssas yanaşıb. Onunla son görüşümüz Şuşada oldu. Bülbülün ev-muzeyindəki tədbirdə iştirak üçün təşrif buyurmuşdu. O günü heç vaxt unutmayacağam. Allah qəni-qəni rəhmət eləsin”.

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa qeyd edib ki, Qənirə xanım həyatı boyu milli ruhu fəaliyyətində təcəssüm etdirib: “Qənirə xanım milləti üçün çalışaraq iz qoyub getdi. Bu cür insanları xalq unutmur. Qənirə xanım məzmunlu, zəngin ömür sürüb. Biz uzun müddət birgə çalışmışıq. O, Mədəniyyət komitəsində insanlara, dəyərlə çox fərqli yanaşırdı. İnanıram ki, bu ənənələr davam etdiriləcək. Ruhu şad olsun”.

Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov vurğulayıb ki, Qənirə xanım haqqında keçmiş zamanda danışmaq çox çətindir: “Qənirə xanım kimi həyatı sevən, xeyirxah və işgüzar insana ölüm yaraşmırdı. Onun daxili aləmi də fəaliyyəti kimi zəngin idi. O, Azərbaycan ziyalılarına xüsusi diqqətlə yanaşırdı. O cümlədən, rəssamlarla da yaxşı münasibətləri var idi. Daim sərgilərdə iştirak edirdi, əlindən gələn köməkliyi əsirgəmirdi. Bu sərginin açılışı rəssamların ona olan böyük sevgisinin nəticəsidir. Əməlləri Qənirə xanımı əbədi yaşadacaq”.

Türkiyənin Azərbaycandakı səfirliyinin müşaviri, professor Muhiddin Məcid Qənirə Paşayevanın bütün türk dünyası üçün dəyərli şəxsiyyət olduğunu bildirib: “O bizim nəzərimizdə dəyərli mədəniyyət, siyasət adamı, ictimai xadim olmaqla yanaşı, müasir dövrdə Türk dünyası dedikdə ilk ağla gələn insanlardan biridir. O bir insanın həyatına sığmayan işlər görüb. Şuşa deyəndə Qənirə xanımın gözləri yaşarırdı. Onun Azərbaycanın bütövlük ideyalarına necə bağlı olduğunun şahidi olmuşam. Allah rəhmət eləsin”.

Kərkük Kültür Mərkəzinin rəhbəri Şəmsəddin Kuzəçi Qənirə xanımla bağlı xatirələrini yada salıb: “Qənirə xanımla 1995-ci ildə tanışlığımız yaranıb. Sonrakı illərdə də qarşılaşmışıq və bu tanışlıq möhkəm dostluğa çevrilib. Türkmən və Azərbaycan mədəniyyətləri arasında əlaqələrin gücləndirilməsində Qənirə Paşayevanın əvəzsiz rolu olub. Onun haqqında nə qədər danışsaq da, azdı. Yeri behişt olsun”.

Əməkdar elm xadimi professor Qəzənfər Paşayev bildirib ki, Qənirə xanımın vəfatından bir il keçməsinə baxmayaraq, hələ də yoxluğunu dərin kədərlə hiss edirik: “Qənirə Paşayeva haqqında həmişə fəxrlə bəhs etmişəm, ürəklə demişəm ki, o mənim qardaşı qızıdır. Onun bu səviyyəyə gəlməyinə fitri istedadı, insanpərvərliyi, tükənməz enerjisi səbəb oldu. Qənirə xanımın fəaliyyəti həm dövlətimiz, həm də xalqımız tərəfindən yüksək qiymətləndirildi və zənnimcə, bu, əbədi belə olacaq”.

Xalq şairi Sabir Rüstəmxanlı Qənirə Paşayevanın mənəvi zənginliyindən söhbət açıb: “Qənirə xanım komitə sədrliyi dövründə yeni ənənə yaratdı, incəsənət xadimlərinin yubileylərini təbrik edirdi, onların fəaliyyətlərinə yenidən nəzər salırdı, icitimailəşdirirdi, Milli Məclisə dəvət edib xüsusi hörmətlə yanaşırdı. O, son dərəcə həssas, ruhən yüksək insan idi. Qənirə xanım millətimizin ən gözəl xüsusiyyətlərini özündə cəmləşdirmişdi. Bu mənada, o, Azərbaycan qadını adına nümunə idi”.


Xalq rəssamı Arif Hüseynov bütün tədbir iştirakçılarına təşəkkür edib. O bildirib ki, bu sərgi ənənə halına çevriləcək.

A.Hüseynov Qənirə xanımın ailəsinə xatirə hədiyyəsi – üstünə özəl miniatürlər işlənmiş saz təqdim edib.

Qənirə Paşayevanın bacısı Kəmalə Paşayeva ailə adından çıxış edərək sərginin iştirakçısı olan rəssamlara, təşkilatçı qurumlara, sərginin təşkilində əməyi olan hər kəsə təşəkkür edib: “Qənirə xanım ömrü boyuTürk dünyasının mədəniyyətinə, Azərbaycanın milli-mənəvi dəyərlərinə xidmət etdi. O, cismən aramızda olmasa da, öz fəaliyyəti, əsərləri, şeirləri ilə qəlblərdə yaşayacaq”.

Daha sonra sərginin açılış lenti kəsilib, qonaqlar əsərlərlə tanış olublar.

Qeyd edək ki, sərginin koordinatoru sənətşünas Ziyarət Qəhrəmanova-Cabarovadır.

Azərbaycanın Əməkdar rəssamı, deputat Ülviyyə Həmzəyeva,
xalq rəssamları - Arif Huseynov, Sirus Mirzəzadə, ARİ-nin üzvləri - “Bakı” Qalereyasının direktoru Eldəniz Babayev, Fikrət İbrahimli, Gülxan Bəydəmir və Yusif Mirzə Qənirə Paşayevanın həyatı və yaradıcı fəaliyyətinə müraciət edərək sənət əsərləri ilə sərgiyə qatılıblar. Sərgidə müxtəlif janr və texnikalı 40-a yaxın rəngkarlıq tabloları və qrafik lövhələrdən ibarət rəsm əsərləri nümayiş olunur. Kətan üzərində yağlı boya texnikası ilə işlənmiş portret və mənzərə janrlı lövhələr, kağız üzərində tuş, qara qələmlə çəkilmiş portret və mənzərə əsərləri, müxtəlif texnikalı kompozisiyalar, xəttatlıq örnəklərinin yer aldığı sərginin ekspozisiyasındakı əsərlərin hər biri rəssamların Qənirə xanımla olan əvəzsiz xatirələrindən yaranıb.

Sərgi sentyabrın 30-dək davam edəcək və hər gün saat 10.00-dan 18.00-dək baxış üçün açıq olacaq.

“Qənirə Paşayeva - İTHAF” adlı bədii sərginin açılışı olub - FOTO

“Qənirə Paşayeva - İTHAF” adlı bədii sərginin açılışı olub - FOTO

“Qənirə Paşayeva - İTHAF” adlı bədii sərginin açılışı olub - FOTO

“Qənirə Paşayeva - İTHAF” adlı bədii sərginin açılışı olub - FOTO

“Qənirə Paşayeva - İTHAF” adlı bədii sərginin açılışı olub - FOTO

“Qənirə Paşayeva - İTHAF” adlı bədii sərginin açılışı olub - FOTO

“Qənirə Paşayeva - İTHAF” adlı bədii sərginin açılışı olub - FOTO

“Qənirə Paşayeva - İTHAF” adlı bədii sərginin açılışı olub - FOTO

“Qənirə Paşayeva - İTHAF” adlı bədii sərginin açılışı olub - FOTO

“Qənirə Paşayeva - İTHAF” adlı bədii sərginin açılışı olub - FOTO

“Qənirə Paşayeva - İTHAF” adlı bədii sərginin açılışı olub - FOTO

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3033
avatar

Oxşar yazılar