Beynəlxalq əmək konfransının 100-cü sessiyası keçirilib - FOTO
13 iyun 2011 16:40 (UTC +04:00)

Beynəlxalq əmək konfransının 100-cü sessiyası keçirilib - FOTO

Lent.az-ın məlumatına görə, beynəlxalq Əmək Təşkilatına üzv dövlətlərin üçtərəfli şəkildə iştirak etdiyi beynəlxalq tədbirdə Azərbaycanı hökumət, həmkarlar ittifaqları və işəgötürənlərin nümayəndə heyəti təmsil edib. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri S.Mehbalıyevin başçılıq etdiyi nümayəndə heyəti tədbirdə iştirak edib.

Tədbirin gündəliyinə Beynəlxalq Əmək Təşkilatının Baş direktorunun və İnzibati Şuranın sədrinin məruzələri, həmçinin məşğulluqla bağlı ayrı-seçkiliyin aradan qaldırılması mövzusunu ehtiva edən əmək sahəsində fundamental prinsip və hüquqlar üzrə qlobal məruzələrin dinlənilməsi, evdə işləyən işçilər üçün layiqli əməyin təminatı və s. kimi məsələlər daxil edilib.

Konfransda AHİK sədri, millət vəkili Səttar Mehbalıyev çıxış edərək Beynəlxalq Əmək Təşkilatının Baş direktorunun məruzəsinə münasibətini bildirib. Sədr qeyd edib ki, Azərbaycanda bütün vətəndaşlar üçün ayrı-seçkiliyin aradan qaldırılması prinsipinin tətbiq edilməsinə yol açan müvafiq siyasət, qanunvericilik bazası və mexanizmlər mövcuddur. Azərbaycan BƏT-in 100 saylı «Əməyin bərabər ödənilməsi haqqında» Konvensiyasını və 111 saylı «Məşğulluq və peşələr sahəsində ayrı-seçkilik haqqında» Konvensiyasını 1992-ci ildə ratifikasiya edib. 156 saylı «Ailə öhdəlikləri olan işçilər: kişi və qadın işçilər üçün bərabər rəftar və bərabər imkanlar haqqında» Konvensiya və 183 saylı «Analığın mühafizəsi haqqında» Konvensiya isə 2010-cu ildə qəbul olunub.

Bununla yanaşı, BMT-nin «Qadınlara qarşı ayrı-seçkiliyin bütün növlərinin aradan qaldırılması haqqında» Konvensiyasını 1995-ci ildə, «İrqi ayrı-seçkiliyin bütün növlərinin aradan qaldırılması haqqında» Beynəlxalq Konvensiyasını 1996-cı ildə və Avropa Sosial Xartiyasının 17 maddəsini 2004-cü ildə qəbul edib.

Milli səviyyədə Azərbaycan Respublikası Konstitusiyasında, Əmək Məcəlləsində, «Gender bərabərliyinin təminatları haqqında» Qanunda və digər tənzimləyici sənədlərdə bu məsələ ilə bağlı müddəalar mövcuddur.

Gender bərabərliyinə təminat verən bu qanunvericiliyin icrası nəticəsində gender məsələsi ölkənin ümumi inkişaf siyasətinə geniş inteqrasiya olunmuş, əhalinin rifah halının yaxşılaşdırılmasına, məşğulluğunun təmin edilməsi sahəsində müsbət dəyişikliklərə imkan verib.

S.Mehbalıyev qeyd edib ki, Azərbaycan vətəndaşlarının iş yerlərində bərabər imkanlardan bəhrələnməsində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası da yaxından iştirak edir: «2010-2011-ci illər üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında bağlanmış üçtərəfli Baş Kollektiv Sazişdə həmkarlar ittifaqlarının səyi nəticəsində bu məsələ ilə bağlı kişi və qadın işçilər tərəfindən həyata keçirilən eyni işlər üçün bərabər həcmdə əməyin ödənilməsini təmin etmək, iş yerlərində qadınların təbii və reproduktiv xüsusiyyətləri nəzərə alınmaqla, müasir tələblərə cavab verə biləcək sanitar-gigiyenik normaların işlənib hazırlanması, qadınlara, xüsusilə də 20-30 yaşlı qadınlara, yeni peşələrin öyrədilməsinə və ixtisaslarının artırılmasına dair işin gücləndirilməsi, ali, orta ixtisas, peşə və ümumi təhsil müəssisələrinin proqramlarına «Gender siyasətinin əsasları» nın tədrisinin daxil edilməsinə nail olunması və s. kimi öhdəliklər öz əksini tapıb: «Son 10 il ərzində həmkarlar ittifaqları sıralarına daxil olan qadınların sayı sürətlə artmışdır. 2000-ci ildə qadınlar üzvlərin ümumi sayının 38,9%-ni təşkil etdikləri halda, 2010-cu ildə bu rəqəm 51,1%-ə yüksəlib.

Beləliklə, AHİK gender siyasəti konsepsiyasını həyata keçirməklə Azərbaycanda həmkarlar ittifaqları hərəkatında qadınların rolunun artırılmasını, sosial tərəfdaşlar arasında kollektiv danışıqlar prosesində gender bərabərliyi aspektlərini ön plana çəkməyi bacarıb».

AHİK nümayəndə heyətinin üzvləri konfrans çərçivəsində keçirilən müxtəlif komissiyaların iclaslarında iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 939

Oxşar yazılar