Ziyafət Əsgərov: “Prezidentə bu qədər böhtan atmaq olmaz”
30 sentyabr 2013 12:51 (UTC +04:00)

Ziyafət Əsgərov: “Prezidentə bu qədər böhtan atmaq olmaz”

Milli Məclisin payız sessiyası çərçivəsində ilk iclası keçirilir.

Lent.az-ın verdiyi məlumata görə, cari məsələlər üçün ayrılmış vaxtda çıxış edən millət vəkili Elman Məmmədov dövlət əhəmiyyətli təbirlərdə dövlət himnimizin oxunması məsələsinə toxunub.

Elman Məmmədov deyib ki, bu tədbirlərdə iştirakçıların bəziləri dövlət himnimizi oxuyur, bəziləri oxumur: “Parlamentdə hüquqşünaslarımız var. Mən istəyirəm ki, bu sualı cavablandırsınlar ki, belə tədbirlərdə istənilən şəxs dövlət himnini oxuya, istənilən şəxs oxumaya bilərmi?”.

Millət vəkili Gövhər Baxşəliyeva tez-tez hansısa kənddə ərin arvadın başını kəsdiyini, qardaşın bacını öldürdüyü barədə xəbərlər oxuduqlarını bildirib: “Bu, nə vaxta qədər davam edəcək?”.

Millət vəkili Qənirə Paşayeva hər iki valideynini itirmiş uşaqların təhsil haqqından azad edilməsinin müsbət addım olduğunu söyləyib: “Birinci qrup əlillərlə bağlı məsələyə baxmaq lazımdır. Birinci qrup əlillər ali məktəblərdə ödənişli ixtisaslara düşərsə, pul ödəməlidir. Mən iki gözünü itirmiş uşaqla bağlı müraciət etmişdim. Bu uşağın ödənişli ixtisasda təhsil almaq üçün imkanı yoxdur. Rektor da mənə dedi ki, bu uşaqlara qanunda güzəşt nəzərdə tutulmayıb. Ona görə də birinci qrup əlil uşaqların da ödənişli təhsildən azad edilməsi məsələsinə baxaq”.

VHP sədri Sabir Rüstəmxanlı da dövlət tədbirlərində himnin oxunması sahəsindəki problemlərdən danışıb: “Dünyanın hər yerində bu himni oxuyurlar. Bu himn yaramırsa, başqa bir himn yazaq, hamımız oxuyaq. Bu himn 20 il əvvəl qadın səsin ilə yazılıb. Niyə qadın səsi ilə oxunmalıdır, kişi səsi ilə yox?”. Sabir Rüstəmxanlı bu gün parlamentin iclasının gündəliyinə 41 məsələnin salınmasının qeyri-ciddi olduğunu söyləyib.

Spiker Oqtay Əsədov 41 məsələnin bir çoxunun qəbul edilmiş sazişlər olduğunu qeyd edib. Vitse-spiker Ziyafət Əsgərov yaz sessiyasında vətəndaşların şərəf və ləyaqətinin təhqir olunması ilə bağlı qanunvericiliyə ciddi dəyişikliklər edildiyini xatırladıb: “Şərəf və ləyaqət müdafiə olunmalıdır. Bu gün görürük ki, yaz sessiyasında bu qanunu düzgün qəbul etmişik. Prezidentliyə namizədlərin çıxışına qulaq asanda adam məəttəl qalır. Bu adamlar 1992-ci ilin psixologiyası, İsgəndər Həmidovun məntiqi ilə seçkiyə gedirlər. Bu gün vəziyyət o həddə çatıb ki, prezident təhqir olunur. Prezident dövlət başçısıdır, Ali Baş Komandandır, Azərbaycanı xaricdə təmsil edir. Ancaq biz prezidenti qoruya bilirikmi? Qoruya bilmirik. Konstitusiyanın 16-cı maddəsində qeyd olunur ki, prezident toxunulmazdır, şərəf və ləyaqəti qanunla qorunur. Mən təklif edirəm ki, bu qanunu qəbul edək. Ümummilli lider Heydər Əliyev demişdi ki, haqqımda yazılanlara fikir vermirəm. Ancaq prezidentə bu qədər böhtan atmaq olmaz. Mən təklif edirəm ki, prezidentin şərəf və ləyaqətinin müdafiə edilməsi ilə bağlı payız sessiyasında qanun qəbul edək. Sizdən bu məsələdə dəstək istəyirəm”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1699
avatar

Oxşar yazılar