Müdafiə naziri, general-polkovnik Zakir Həsənov ABŞ Nümayəndələr Palatasının xarici əlaqələr komitəsinin sədri Ed Roysun rəhbərlik etdiyi konqresmenlərdən ibarət nümayəndə heyətini qəbul edib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, nazir qonaqları salamlayaraq Azərbaycan-ABŞ hərbi əlaqələrinin müxtəlif proqramlar çərçivəsində uğurla davam etdiyini vurğulayıb. Daha sonra terrorizmə qarşı mübarizə və NATO-nun Əfqanıstanda həyata keçirdiyi Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri üzrə əməliyyatlarına Azərbaycan sülhməramlı qüvvələrinin verdiyi töhfəni qeyd edib.
Müdafiə naziri qonaqlara regiondakı hərbi-siyasi vəziyyət, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalının davam etməsi, qaçqın və məcburi köçkünlərin mövcud problemləri, o cümlədən beynəlxalq təşkilatların münaqişənin həlli istiqamətində atdıqları addımların nəticəsiz qalması barədə fikirlərini çatdırıb.
Görüşdən məmnun qalan konqresmenlər ölkələrimiz arasında müxtəlif sahələrdə, o cümlədən enerji təhlükəsizliyi, terrorizmə qarşı mübarizə və Əfqanıstanla bağlı uğurlu əməkdaşlığı yüksək qiymətləndiriblər. Sonda qarşılıqlı maraq doğuran regional və ikitərəfli məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, görüşdə ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Riçard Morninqstar da iştirak edib.