Zakir Həsənov: “Azərbaycan ərazisindən qonşu ölkələri heç bir təhlükə gözləmir”
15 aprel 2014 15:03 (UTC +04:00)

Zakir Həsənov: “Azərbaycan ərazisindən qonşu ölkələri heç bir təhlükə gözləmir”

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov bu gün Tehranda İranın müdafiə və silahlı qüvvələrə dəstək naziri, general-mayor Hüseyn Dehqanla birgə mətbuat konfransı keçirib.


 

APA-nın “Mehr” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Z.Həsənov bu gün İrana səfərinin ikinci günü olduğunu deyərək, yüksək səviyyədə, səmimi və dostcasına cərəyan edən münasibətə görə iranlı həmkarına və bu ölkənin xalqına təşəkkür etdiyini bildirib: “Azərbaycan və İranın ortaq bağlılıqları var və bu iki ölkə arasında həmişə dostluq və qardaşlıq münasibəti olub. Bildiyiniz kimi, Azərbaycan Respublikasının prezidenti İrana yüksək səviyyədə səfər etdi. Bu səfər nəticəsində iki ölkə arasında hərbi əməkdaşlıq da daxil olmaqla digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün qərarlar qəbul edilib. Səfərimiz zamanı İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, İranın müdafiə naziri və İran prezidentin birinci müavini ilə görüşlərimiz oldu və mühüm məsələləri nəzərdən keçirdik. Eyni zamanda regional və beynəlxalq məsələləri də müzakirə etdik. Bütün məsələlərdə fikirlərimiz eyni idi. İki ölkə arasında xüsusilə hərbi əməkdaşlıq sahəsində böyük potensial var. İranın müdafiə sənayesi yaxşı inkişaf edib. Bununla bağlı yaxşı danışıqlarımız olub və bu sahədə əməkdaşlığı davam etdirmək məsələlərini nəzərdən keçirmişik”.

 

Z. Həsənov Azərbaycanda İrana hərbi müdaxilə etmək üçün İsrail hərbi bazalarının yerləşdirilməsinə dair sualı cavablandırarkən deyib ki, Azərbaycanın nə quru, nə də su ərazisindən qonşu ölkələri heç bir təhlükə gözləmir: “Bu, Azərbaycanın rəsmi siyasətidir. Biz həmişə beynəlxalq və regional təşkilatlarda ölkəmizin bu rəsmi siyasətini açıq şəkildə bəyan etmişik. Azərbaycan Konstitusiyasında göstərilib ki, Azərbaycan ərazisində üçüncü ölkənin hərbi bazası yerləşdirilə bilməz və biz heç bir gücə Azərbaycan torpaqlarından istifadə etməklə qonşu ölkələrə hücum etməyə icazə verməyəcəyik”.

 

Qeyd edək ki, Z.Həsənov İranın müdafiə və silahlı qüvvələrə dəstək naziri, general-mayor Hüseyn Dehqanın dəvəti ilə aprelin 14-dən qonşu ölkədə səfərdədir. Ötən gün Azərbaycanın müdafiə nazirinin şərəfinə rəsmi qəbul mərasimi keçirilib. Z.Həsənov İran-İraq müharibəsində şəhid olanların məzarlarını ziyarət etdikdən sonra İran Müdafiə Nazirliyində Azərbaycan və İran müdafiə nazirləri arasında görüş keçirilib. Aprelin 15-də Z.Həsənov İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-polkovnik Seyid Həsən Firuzabadi ilə görüşüb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 611
avatar

Oxşar yazılar