İyulun 5-də prezident İlham Əliyev Yeni Azərbaycan Partiyası Qazax rayon təşkilatının yeni inzibati binasının açılışında iştirak edib.
Dövlət başçısı binanın rəmzi açılışını bildirən lenti kəsib.
Prezident İlham Əliyev binada yaradılmış şəraitlə tanış olub.
Məlumat verilib ki, Azərbaycanın aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının ümumi amallar naminə göstərdiyi uğurlu fəaliyyətində rayon təşkilatlarının rolu danılmazdır. Partiyanın rayon təşkilatlarının yeni inşa olunmuş inzibati binaları da müasirliyi ilə seçilir. Həmin binalarda səmərəli fəaliyyət üçün hər cür şərait yaradılıb.
Bildirildi ki, son illər Qazax rayonunda çoxlu sosial təyinatlı infrastruktur obyektləri tikilib istifadəyə verilmişdir. Yeni Azərbaycan Partiyası rayon təşkilatının yeni inzibati binası da memarlıq üslubu və əməkdaşların səmərəli fəaliyyəti üçün yaradılmış şəraiti ilə seçilir.
Birinci mərtəbə ilə tanış olan Prezident İlham Əliyevə bildirilib ki, inzibati binanın inşasına 2013-cü ilin yanvarında başlanıb. Burada müxtəlif tədbirlərin keçirilməsi üçün nəzərdə tutulan 65 yerlik akt zalı, iş otaqları var. Binanın ikinci mərtəbəsində isə məşvərət otağı, 20 yerlik konfrans zalı, istirahət və kompüter otaqları, arxiv yerləşir. Daxili sahəsi 378 kvadratmetr olan ikimərtəbəli binanın həyəti abadlaşdırılıb.
Dövlət başçısı binada yaradılmış şəraitdən razılığını bildirib.