Hakim Yeni Azərbaycan Partiyası (YAP) Fransa prezidenti Fransua Ollandın bir qrup siyasətçi, hüquq müdafiəçisi və jurnalistlə görüşünə münasibət bildirib.
Partiyanın icra katibinin müavini, deputat Siyavuş Novruzov APA-ya açıqlamasında Fransa prezidentinin Azərbaycana səfərini yüksək qiymətləndirib və Cənubi Qafqaza səfərin məhz Azərbaycandan başlanmasının önəmini vurğulayıb.
F.Ollandın səfər çərçivəsində bir qrup siyasətçi, hüquq müdafiəçisi və jurnalistlə görüşünə gəlincə, S.Novruzov bunu Fransa prezidenti tərəfindən etika xatirinə atılan addım kimi dəyərləndirib: “Burda başqa məsələdən söhbət gedə bilməz. Düzdür, müxalifət nümayəndələri bu görüşü yüksək qiymətləndirir ki, guya onlara dəstək gəlib. Amma əslində bu, sadəcə, etika xatirinə olan bir görüşdür. Çünki adətən istənilən Avropa ölkəsinin prezidenti, o cümlədən ABŞ rəsmiləri hansısa ölkəyə gedəndə, orada bütün təbəqələrin nümayəndələri, QHT və siyasi partiya rəhbərləri ilə görüşürlər”.
Xatırladaq ki, F.Ollandla Fransanın Azərbaycandakı səfirliyində keçirilən görüşdə Müsavat başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli, REAL Hərəkatının Məclis sədri Erkin Qədirli, Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus, “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev və “Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayıl iştirak ediblər.