“Azərbaycan üçün onun daxili işlərinə qarışma və ya istiqamət vermə cəhdləri qəbuledilməzdir. Azərbaycan öz siyasətində digər dövlətlərin daxili işlərinə qarışmaqdan kənar durur və bu əsasda da digər dövlətlərin, eləcə də ABŞ-ın eyni cür davranış nümayiş etdirməsini zəruri sayır”.
APA-nın xəbərinə görə, bu sözləri Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayev ABŞ-nın Azərbaycandakı səfiri Riçard Morninqstarın “Azadlıq” radiosuna verdiyi müsahibəyə münasibət bildirərkən deyib.
Diplomat bildirib ki, dövlətlərarası münasibətlər bərabərhüquqluluq prinsipinə əsaslanmalıdır: “Müstəqil inkişaf xəttimiz, o cümlədən uğurlu islahatlarımız, hüquqi dövlət quruculuğu, güclü vətəndaş cəmiyyətinin yaradılması və möhkəmləndirilməsi istiqamətində gördüyümüz işlər göz qabağındadır. Biz bir çox sahələrdə islahatlar həyata keçirərək, böyük uğurlara imza atmış bir dövlətik. Bu gün beynəlxalq ictimaiyyətə uğurlu bir model kimi nümayiş etdirilmiş ölkəyik. Dünyanın bir çox nüfuzlu ölkələri Azərbaycanın uğurlu inkişaf modelini çox bəyənir və əksər hallarda çox müdrik daxili və xarici siyasət həyata keçirildiyini vurğulayırlar. Bir çox Qərb ölkələrinin, o cümlədən ABŞ-ın onilliklər ərzində görə bilmədikləri işləri Azərbaycan qısa müddət ərzində görüb. Dəfələrlə bildirmişik ki, bu cür siyasi motivli bəyanatların verilməsi və müstəqil məhkəmələrin işinə müdaxilə etmək cəhdləri ölkələrimiz arasındakı münasibətlərə kölgə salır”.
Elman Abdullayev qeyd edib ki, qeyri-hökumət təşkilatlarının və vətəndaş cəmiyyətinin fəaliyyətini tənzimləyən Azərbaycan Respublikasının qanunvericiliyi dünyanın bir çox ölkələrinin qanunvericiliklərindən daha mütərəqqi və mükəmməldir: “Azərbaycan Respublikası tərəfindən vətəndaş cəmiyyətinin inkişafı və vətəndaş cəmiyyəti nümayəndələrinin ictimai həyatının bütün sahələrində fəal iştirakının təmin edilməsi məqsədilə uğurlu ardıcıl tədbirlər həyata keçirilib. Bir də onu xatırlatmaq istərdim ki, diplomatik münasibətlər haqqında Vyana Konvensiyasına uyğun olaraq diplomatik funksiya daşıyan şəxslərin ən əsas məqsədi ölkələr arasında qarşılıqlı anlaşma və dostluq tellərinin daha da inkişaf etdirilməsi olmalıdır. Vyana Konvensiyasının ruhuna və müddəalarına zidd olaraq fəaliyyət göstərdiyi ölkənin daxili işlərinə qarışmaq cəhdləri bərabərhüquqlu əsasda inkişaf etməkdə olan dostluq münasibətlərinə xələl gətirməkdən başqa bir şey deyil”.