Xarici işlər nazirləri birgə Bəyannamə qəbul etdilər
19 fevral 2014 16:06 (UTC +04:00)

Xarici işlər nazirləri birgə Bəyannamə qəbul etdilər

Nazirlər Dağlıq Qarabağ münaqişəsi və Gürcüstandakı münaqişələrin dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət əsasında həllinin vacibliyini vurğulayıblar


 

Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin Gəncə görüşünün yekunları əsasında birgə Bəyannamə qəbul olunub. APA-nın xəbərinə görə, nazirlər ölkələr arasında həm ikitərəfli, həm də üçtərəfli formatda əməkdaşlığın inkişaf səviyyəsindən məmnunluqlarını bildiriblər və əməkdaşlığın daha da möhkəmləndirilməsinin əhəmiyyətini vurğulayıblar.   

 

Bəyannamədə deyilir ki, mövcud həll olunmamış münaqişələr günahsız insanların ölümünə, etnik təmizliyə, yüz minlərlə qaçqın və məcburi köçkünün yaranmasına, insan haqları və azadlıqlarının təməl prinsiplərinin pozulmasına səbəb olur, mədəni irsin və şəxsi mülkiyyətin dağıdılmasına gətirib çıxarır, Cənubi Qafqazda siyasi-iqtisadi sabitliyə zərbə vurur.

 

Nazirlər Dağlıq Qarabağ münaqişəsi və Gürcüstandakı münaqişələrin BMT Təhlükəsizlik Şurası, ATƏT və Avropa Şurasının qətnamələri və qərarları, dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət əsasında həll olunmasına dəstək ifadə ediblər. Onlar Bakı-Tiflis-Ərzurum, “Şəhdəniz 2” layihələri və Bakı-Tiflis-Qars nəqliyyat layihələrinin uğurla həyata keçirilməsinin vacibliyini vurğulayıblar.

 

Sənəddə Azərbaycan, Gürcüstan və Türkiyə prezidentlərinin növbəti üçtərəfli görüşünə hazırlıqlara başlanacağı bildirilir.

 

Nazirlərin növbəti görüşünün bu il ərzində Türkiyədə keçirilməsi qərarlaşdırılıb.      

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 450
avatar

Oxşar yazılar