VCİDİB seçkilərlə bağlı müşahidələrinin nəticələrini açıqladı
Qərb-Resurs Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İctimai Birliyi (VCİD İB) prezident seçkiləri ilə bağlı keçirdikləri müşahidələrin nəticələrini açıqlayıb.
APA-nın qərb bürosunun verdiyi məlumata görə, Qərb-Resurs VCİD İB-in sədri Ramin Göyüşov müşahidələrin nəticələri barədə keçirdiyi mətbuat konfransında bildirib ki, ABŞ-ın Azərbaycandakı Səfirliyinin maliyyə dəstəyi ilə “Gənclər Seçki Prosesinin Şəffaflığının Keşiyində” adlı layihə həyata keçirilib. Layihə çərçivəsində 450 nəfər gənc müşahidəçi hazırlanıb. Məlumata görə, müşahidəçi komandasının hazırlanması və seçki prosesinin müşahidəsi Azərbaycanda fəaliyyət göstərən və seçki prosesinin monitorinqini aparan “SMDT” və “Demokratiyanı Öyrənmə” kimi təşkilatlarla birgə həyata keçirilib. R.Göyüşov qeyd edib ki, layihənin uğurlu keçirilməsi üçün Qərb-Resurs İB-nə texniki və təşkilati dəstək “Kamil Vətəndaş”, “İnkişaf-2006”, “Tələbə və Gənclər” İctimai Birliyi, hüquqi dəstək isə “Hüquq və İnkişaf “ İB tərəfindən göstərilib.
Mətbuat konfransında bildirilib ki, bu gün, həmin təlimlənmiş müşahidəçilər 450 məntəqədə müşahidələr aparıblar. Müşahidə nəticəsində gənc müşahidəçilər android tipli mobil telefonlar vasitəsi ilə www.uinelection.net vebsəhifəsinə müxtəlif məntəqələrdən seçki pozuntusuna dair fotoşəkillər, videoyazı və məlumatlar göndəriblər.
“Bu gün bu veb səhifəyə təqribən 300 hesabat daxil olub. Hazırda bu hesabatları adı gedən veb səhifədə izləmək mümkündür. Hesabatlarda ifadə edilən seçki pozuntuları foto və video faktlarla təsdiq edilir. Pozuntularla bağlı ən çox məlumat 63 saylı Sabirabad Seçki dairəsindən və 84 saylı Füzuli Seçki dairəsindən göndərilib. Sayta göndərilmiş pozuntularla bağlı araşdırma aparmaq üçün dairə seçki komissiyalarına müraciət olunacaq”, - deyə R.Göyüşov bildirib.
Birliyin sədri qeyd edib ki, müşahidəçilərin göndərdiyi məlumatlara, əsasən qeyd etmək olar ki, bu səsvermədə əhalinin və əsasən də gənclərin aktivliyi müşahidə olunub. Nəticələrə əsasən, seçkilərdə iştirak etmə 70-72 % təşkil edib.
Daha sonra müşahidəçilər tərəfindən verilən ilkin məlumata əsasən, gənclər tərəfindən müşahidə aparılan dairələrdə səsvermənin nəticələri açıqlanıb:
1. İlham Əliyev 80,6 %
2. Cəmil Həsənli 10,2 %
3. Qudrət Həsənquliyev 2,7 %
4. İqbal Ağazadə 1,8 %
5. Sərdar Cəlaloğlu 1,6 %
6. Zahid Oruc 1,5 %
7. İlyas İsmayılov 0,9 %
8. Fərəc Quliyev 0,4%
9. Hafiz Hacıyev 0,2%
10. Araz Əlizadə 0,1%