Ümumdünya Qaçqınlar Günü münasibəti ilə Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) Azərbaycandakı Nümayəndəliyi tərəfindən birgə tədbir keçirilib. Lent.az-ın məlumatına görə, tədbiri giriş sözü ilə açan QAK-ın Azərbaycandakı nümayəndəsi Daq Siqurdson bildirib ki, dünyada didərginliyin əsas yeni faktoru kimi özünü göstərən Suriya böhranı ilə qaçqın və ya məcburi köçkünlərin sayı 1994-cü ildən indiyədək olan dövrdə ən yüksək həddə çatıb O qeyd edib ki, 18 yaşdan aşağı uşaqlar bütün qaçqınların 46 faizini təşkil edir: “Bundan əlavə, ötən il ərzində rekord göstərici olaraq sığınacaq istənilməsi ilə əlaqədar 21300 müraciət valideynlərindən ayrı düşmüş uşaqlar tərəfindən təqdim olunub”.
Siqurdson onu da vurğulayıb ki, BMT QAK-ın hesabatında göstərilən bütün qaçqınların 55 faizi müharibəyə məruz qalmış beş əsas ölkədən-Əfqanıstan, Somali, İraq, Suriya və Sudandandır.
Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib ki, qaçqın və məcburi köçkünlərin problemləri hər kəsi, o cümlədən beynəlxalq təşkilatları düşündürür. “BMT Ümumdünya qaçqınlar günü keçirməklə dünya ictimaiyyətinin diqqətinə çatdırır ki, bu, dözülməz problemdir. Buna baxmayaraq, təəssüflər olsun ki, biz gözlədiklərimizin əksini görürük. Dünyada qaçqın və məcburi köçkünlərin sayı artmaqdadır. Azərbaycanda hazırda bir milyondan artıq qaçqın və məcburi köçkün var”.
Baş nazirin müavini qeyd edib ki, ölkə əhalisinin sayı artıqca ona nisbətdə qaçqın və məcburi köçkünlərin sayı da artır: “Azərbaycan dövləti bu gün qaçqın və məcburi köçkünlərini sosial təminatını yaxşılaşdırır. Bununla yanaşı, ölkəmizdə bu gün də beynəlxalq humanitar təşkilatlar öz fəaliyyətlərini davam etdirir. Azərbaycanın ən çətin günündə dəstək olan hər bir dövlətə təşəkkür edirəm”.
Daha sonra tədbirdə Suriyadakı vəziyyətlə bağlı qısa metrajlı video material nümayiş olunub.