Millət vəkili Qənirə Paşayeva Beynəlxalq Simpoziumda Türkdilli dövlətlərdə məktəblərdən başlayaraq ortaq Türk tarixi və ədəbiyyatı öyrədilməlidir dedi.
Millət vəkili Qənirə Paşayeva Türkiyənin Mərmərə Universitetində etdiyi “Avrasiyada türk dili və tarixinin tədrisi” beynəlxalq simpoziumun açılış mərasimində çıxış edib.
Lent.az-ın verdiyi məlumata görə, tədbirdə Türkiyənin təhsil naziri Nabi Avcı, İstanbul Türk Ocaqlarının başçısı Cezmi bayram, Mərmərə Universitetinin rektoru Zafer Gül də iştirak ediblər.
Qənirə Paşayeva çıxışında ortaq türk tarixi dərsliklərinin yazılmasının, bu dərsliklərin türk dövlət və toplumlarında yayılması və tədrisinin vacibliyinə toxunub. Onun sözlərinə görə, türk ölkələrinin tarixçilərinin və ədəbiyyatçılarının iştirakı ilə bu ölkələrin ortaq tarix və ədəbiyyat dərslikləri yazılmalıdır. Ortaq türk tarixinin tədrisinə orta məktəblərdən başlamaq lazımdır: “Belə bir dərslik hazırlanmalı və ilk növbədə Türkiyə və Azərbaycandan, Qazaxıstan və Qırğızıstandan tədrisinə başlanılmalı, digər türk ölkələrinə də yayılmasına da çalışılmalıdır. Ortaq türk tarixi yaradılarkən ümumtürk dünyasının mənafeyindən çıxış etmək lazımdır, məhəlli mənafelər kənar qoyulmalıdır. Bu tarix yaradılarkən bütün türk ölkələrinin tarixinə obyektiv yanaşılmalıdır. Elə bir dərslik yaranmalıdır ki, Azərbaycan, Türkiyə türkləri, eləcə də digər türk xalqlarının nümayəndələri onu oxuyanda öz doğma tarixlərini görsünlər. Bu dərsliklər bizi biri-birimizə daha da yaxınlaşdırmalıdır. Türk dövlətləri və toplumlarının daha güclü həmrəylik , işbirliyi və güclənməsi yolu İsmail Bəy Qaspirallənın dediyi kimi dildə, fikirdə, işdə birlik modelindən keçir”.
Qənirə Paşayeva türk dövlətlərinin məktəb və universitetlərində türk dili şivələrinin gənclərə öyrədilməsini də vacib sayıb: “ Türk xalqlarının nümayəndələri biri-birini daha yaxşı anlasa, gələcəkdə biri-birilərinə daha sıx bağlanacaq, daha da güclənəcəklər. Türk dövlətləri arasında tələbə mübadiləsi, tələbə və gənclərlə bağlı ortaq layihələr genişləndirilməlidir”.
Nabi Avcı da Qənirə Paşayevanın fikir və təklifləri ilə razı olduğunu söyləyib və təhsil naziri kimi bu istiqamətdə bir sıra işlər həyata keçirməyə başladıqlarını nəzərə çatdırıb. Simpoziumun açılışında İstanbul Türk Ocaqlarının başçısı, Mərmərə Universitetinin rektoru və Üsküdar bələdiyyə başqanı da çıxış edərək beynəlxalq simpoziumun əhəmiyyətindən danışıb, təkliflərini səsləndiriblər. 3 gün davam edəcək beynəlxalq simpoziuma türk dünyasının müxtəlif bölgələrindən elm adamları, mütəxəssislər dəvət edilib və geniş müzakirələr aparılır. Müzakirələr zamanı səslənən təkliflər türk dövlət rəsmilərinə təqdim olunacaq.