Türkiyə Xarici İşlər Nazirliyi Ermənistanın baş prokuroru Aqvan Ovsepyanın Türkiyəyə qarşı ərazi iddiaları ilə bağlı açıqlamalarına münasibət bildirib. APA-nın xəbərinə görə, Türkiyə XİN A. Ovsepyanın Türkiyə ilə Ermənistan arasındakı sərhədlərin qanuni olaraq müəyyənləşdirilmədiyi və Türkiyədə vaxtilə ermənilərin yaşadığı ərazilərin Ermənistana qaytarılması barədə sözlərini qəzəblə qarşılayıb. XİN-in bəyanatında bildirilir: “Baş prokuror kimi önəmli bir vəzifə tutan bu şəxsin açıqlamaları qonşu Türkiyənin ərazi bütövlüyü və Türkiyə-Ermənistan əlaqələrinə dair Ermənistanda hakim olan düşüncəni ifadə edir. Bu mövqe Ermənistanın BMT və ATƏT başda olmaqla, üzv olduğu beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəliklərə də ziddir. Hər kəs çox yaxşı bilməlidir ki, Türkiyədən torpaq tələb etmək kimsənin həddinə deyil”.
Xatırladaq ki, A. Ovsepyan iyulun 5-də İrəvanda uydurma “erməni soyqırımı”na həsr olunan konfransdakı çıxışında bəyan edib ki, Ermənistan itirdiyi torpaqları geri qaytarmalıdır: “Salamat qalan kilsələr və onlara aid ərazilər erməni kilsəsinə verilməlidir, Ermənistan Respublikası isə itirdiyi əraziləri geri qaytarmalıdır. Erməni soyqırımı qurbanlarının varisləri maddi təzminat almalıdır”. A. Ovsepyan bu məsələləri hüquqi müstəviyə çıxarmağın zəruriliyini vurğulayıb: “Ermənistanın həm Türkiyə, həm də Azərbaycanla (Naxçıvan məsələsinə görə) ərazi mübahisəsi var. Bu problemin hüquqi həlli üçün hərtərəfli əsaslandırılmış şəkildə hüquqi iddialar hazırlanaraq BMT-nin beynəlxalq məhkəməsinə təqdim olunmalıdır”.