Ortaq tarix, mədəniyyət və incəsənətin birləşdirdiyi, eyni kökdən olan türkdilli xalqların bir araya gəlməsi və vahid ideya ətrafında birləşməsi olduqca zəruridir. Türk dünyasının birliyi ideyasının yüz illərdir mövcud olmasına baxmayaraq, həmin ideya XX əsrin sonlarında, xüsusilə SSRİ-nin dağılmasından sonra daha geniş yayılmağa başlamışdır. Bu gün dünyada türkdilli ölkələrin diaspor təşkilatlarının milyonlarla üzvü vardır və türk xalqları arasında birliyin, həmrəyliyin möhkəmləndirilməsi, milli maraqların təmin olunması və vahid prinsiplərə xidmət edən fəaliyyətin reallaşması istiqamətində çalışırlar. Artıq türk dünyası ciddi bir reallıq, mütəşəkkil bir birlik kimi qəbul edilir. İyunun 21-də Bakıda bütün türk dünyasının bir araya gəldiyi Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin diaspor təşkilatları rəhbərlərinin birinci Forumunun keçirilməsi türk birliyinin təmini, real nəticələr və gözlənilən perspektivlər baxımından mühüm əhəmiyyət kəsb edir. Digər tərəfdən Forumun geosiyasi cəhətdən mühüm bir mərkəzdə yerləşən, bütün türk birliyinin toqquşduğu Şərqlə Qərb arasında körpü rolunu oynayan Azərbaycanda keçirilməsi isə Azərbaycanın türk dünyası üçün zəruriliyini sübut edir. Bakıda təşkil olunan Forum ölkəmizdə həyata keçirilən uğurlu strateji inkişaf xəttinin nəticəsidir. Belə bir tədbirin məhz Azərbaycanda yüksək səviyyədə təşkili ölkəmizin türk dünyasındakı yerini və rolunu, beynəlxalq aləmdəki mövqeyini bir daha göstərir.
Forumun türkdilli dövlətlərin birliyinin təşkili prinsipləri, gələcək gözləntilərin reallaşması üçün töhfələrini aşağıdakı kimi vurğulamaq olar:
- Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin diaspor təşkilatları rəhbərlərinin birinci Forumu türkdilli ölkələr arasında əlaqələrin daha da möhkəmləndirilməsi üçün geniş imkanlar yaradır;
- Forum bütün türk dünyasına birgə müzakirələr aparmaq imkanını yaratmaqla, ümumi nəticələr əldə olunması zəruriliyini də gerçəkləşdirmiş olur;
- Forum türkdilli xalqların birliyinin təmin olunması, maraqlarının qorunması, onların haqq səsinin dünyaya çatdırılması baxımından mühüm əhəmiyyətli bir tədbirdir;
- vətəndən xaricdə yaşayan soydaşların qarşılaşdıqları problemlərin həll edilməsi, türkdilli dövlətlərin beynəlxalq arenadakı nüfuzunun daha da artırılması baxımından Forum xüsusi rol oynayır;
- Forumun təşkili xaricdə yaşayan türkdilli xalqların nümayəndələrinin öz vətənləri ilə əlaqə yaratmaları baxımından diaspor təşkilatlarının fəaliyyətinin daha da aktivləşməsi və aktual əhəmiyyət kəsb etməsinə imkan yaradır.
İlk dəfə olaraq təşkil olunmuş Foruma Azərbaycanın ev sahibliyi etməsi, yüksək səviyyədə təşkilatçılığı tədbir iştirakçıları tərəfindən minətdarlıqla qarşılanmışdır. Bakıda keçirilən Forum türkdilli dövlətlər arasında əlaqələrin daha da möhkəmlənməsi imkanını yaratdı. Bakı Forumu təkcə türkdilli ölkələrin diaspor nümayəndələrinin birgə müzakirələr aparması üçün deyil, bütün dünyada məskunlaşan həmvətənlərimizin bir araya gələrək təcrübə mübadiləsi aparması baxımından önəmli əhəmiyyət kəsb edir.
Forumun yekununda qəbul olunmuş Bakı Bəyannaməsi türk xalqları birliyinin möhkəmləndirilməsinin regionda sülhün və təhlükəsizliyin təmin olunması baxımından mühüm əhəmiyyətə malik olduğunu təsdiqlədi. Həmçinin Bəyyanamədə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin diaspor təşkilatlarının doqquz istiqamətdə fəaliyyətinin koordinasiya olunması tövsiyə edilmişdir. Qeyd edilmişdir ki, Forumun iştirakçıları türkdilli ölkələrin diasporlarının təşkilatlanması prosesinə dəstək verilməsi, türkdilli diaspor təşkilatlarının, icma və qurumlarının fəaliyyətinin koordinasiya olunması məqsədi ilə regional mərkəzlərin yaradılması, eləcə də dünya ictimaiyyətinin türk dünyasının tarixi, mədəniyyəti, müasir həyatı barədə ətraflı məlumatlandırılması istiqamətində tədbirlərin görülməsini vacib hesab edirlər.
Forum uğurlu və perspektiv gələcəyin mümkünlüyünə inam yaradan nəticələri bir daha sübut etdi ki, mövcud problemlərin həlli, arzuolunan nəticələrin əldə olunması birgə həmrəylik və birgə müzakirələr yolu ilə mümkündür. Bunun üçün türkdilli dövlətlər böyük məsuliyyət və yüksək peşəkarlıqla sadalanan məqsəd və məramların yerinə yetirilməsi üçün qüvvə və bacarıqlarını əsirgəməməli, bu istiqamətdə səylərini daha sıx birləşdirməlidirlər. Necə deyərlər “türkün türkdən başqa dostu yoxdur”.
Nailə Məmmədova
"Şərqi Avropada Təhsil alan Azərbaycanlı Tələbələr və Məzunlar" İctimai Birliyinin fəalı