“Rüstəm İbrahimbəyov qərarların qəbul olunmamasından bezdi. İndi də Cəmil Həsənlini irəli vermək istəyirlər. Bu, düzgün taktika deyil”.
APA-nın məlumatına görə, bunu Milli Şuranın sessiyasındakı çıxışı zamanı Açıq Cəmiyyət Partiyasının (ACP) sədri Sülhəddin Əkbər deyib.
O bildirib ki, ötən sessiyada ACP, ALP, KXCP və “El” hərəkatı, o cümlədən Müsavat Partiyasının dəstəklədiyi məqam qəbul olunmadı: “Rüstəm İbrahimbəyovun namizədliyinin üzərində dayanılması qəbul olunmadı. Biz yeni namizəd irəli sürəcəyiksə, bu, Milli Şuranın üzərindən xətt çəkməkdir. Bunu Milli Şuranın sınma nöqtəsi adlandırıram. Rüstəm İbrahimbəyovun təklifləri qəbul olunmur, bu da onda narahatlıq yaradır. Niyə partiya liderləri önə çıxıb, namizədliklərini irəli sürmürlər? İndi Cəmil Həsənlini önə buraxıblar. Biz dəfn komissiyasında iştirak etmək istəmirik. Biz yalnız Rüstəm İbrahimbəyovun namizədliyi dəstəklənəcəyi təqdirdə bu qərarın yanında olacağıq”.