Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti Belçika Krallığının paytaxtı Brüsseldə rəsmi səfərdədir. Bu barədə Lent.az-a Milli Məclisdən məlumat verilib. Brüsselə rəsmi səfər Belçika-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Filip Blanşarla görüşlə başlayıb. Görüşdə əsas mövzu parlamentlərarası əlaqələrin müzakirəsi olub. Filip Blanşar parlamentlərarası münasibətlərin uğurla inkişafından məmnunluğunu ifadə edib. Dostluq qrupunun rəhbəri ölkəmizə səfəri zamanı Azərbaycanın yüksək iqtisadi inkişafından heyrətləndiyini söyləyib. O, qeyd edib ki, Azərbaycanda mövcud olan dini tolerantlıq bu gün Avropa dövlətləri üçün də nümunə ola bilər. F. Blanşarın fikrincə, Azərbaycan həqiqətləri, ölkənin nail olduğu yüksək inkişaf dinamikası barədə Avropada hələ də obyektiv təsəvvür yoxdur. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən söz açan Milli Məclisin sədri problemin həllinə dair beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən sənədlərin icra olunmamasını vurğulayaraq söyləyib ki, bu münaqişə regionda həyata keçirilən iqtisadi layihələr üçün arzuolunmazdır.
Daha sonra Milli Məclisin Sədri Oqtay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti Belçika Parlamenti Nümayəndələr Palatasının Sədri Andre Flao ilə görüşüb.
Dağlıq Qarabağ münaqişəsindən söz açan sədr məsələnin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun bu illər ərzində real nəticə əldə etmədiyini diqqətə çatdırıb. Bildirilib ki, ölkəmiz münaqişənin sülh yolu ilə həllinə inamını hələ itirməyib və bu yöndə səylərini davam etdirir. Lakin buna baxmayaraq, BMT TŞ, AŞPA, ATƏT PA tərəfindən qəbul edilən sənədlər hələ də icra olunmayıb. Münaqişəyə dair qəbul edilən sənədlərin reallaşması üçün səylər artırılmalıdır.
Görüşdə Belçika Krallığının regionlarının nazirləri də iştirak ediblər.