“Azərros”un 28 iyun konfransında baş verənlərin yeni təfərrüatı üzə çıxıb.
“Musavat.com”un yazdığına görə, iclasda gərgin anlar yaşanıb.
Saytın mənbəsi bildirib ki, “Azerros”un Federal Şurasına sədr seçimi zamanı qurultay tərəfindən bu vəzifəyə namizədliyi irəli sürülmüş Tahir Hacıyev öz namizədliyini geri götürüb: “ O, qəfil və heç kimin gözləmədiyi halda bu vəzifəyə Mehriban Sadıqovanın namizədliyini irəli sürüb. Tahir Hacıyev bildirib ki, hazırkı vəziyyətdə onun Federal Şuranın sədrinin funksiyasını tam şəkildə icra etmək imkanı yoxdur. Sadıqovanın namizədliyini bir neçə nəfərdən başqa heç kim dəstəkləməyib. Söhbət ondan gedir ki, bu xanım bir müddət əvvələdək, yəni Söyün Sadıqovun «Azerros»dа prezidentliyi dönəmində onun katibəsi işləyib. Bilirsiniz ki, Abbas Abbasov «Azerros»a gələnə qədər bu diaspora qurumu ölü vəziyyətdə idi. Elə Söyün Sadıqovun özü də «Azerros»un fəaliyyətinə dırnaqarası yanaşırdı. «Azerros» əslində onа biznesini himayə etməsi üçün gərək idi. Çünki, ölü qurum olsa da, o, rəsmən Putinin yanında Millətlərarası Komitədə təmsil olunurdu. Həmin vaxtlar Sadıqovun yanında tanınmış və nüfuzlu heç kim olmadığı üçün Mehriban Sadıqova (soyadları eyni olsa da, onlar qohum deyillər, xanım Sadıqova əslən Qarabağlıdır) «Azerros»da əvvəl dəftərxana müdiri, daha sonra prezident köməkçisi təyin olundu. «Azerros»un sonuncu qurultayında isə Söyün Sadıqovun dəstəyi ilə vitse-prezident vəzifəsinə gətirildi. Hələ o vaxt da «Azerros»da olan bir çoxları xanım Sadıqovanın bu yüksəlişini həzm edə bilmirdilər. İndi onun bu qurumun Federal Şurasının sədri təyin edilməsi isə lap çox adamı qıcıqlandırdı. Çünki xanım Sadıqovanın nə idarəçilik, nə də diapora quruculuğu təcrübəsi var. Üzvlər, bir zamanlar katibə olmuş birisinin onlara rəhbərlik edəcəyini sinirə bilmirlər”.
Mənbənin dediyinə görə, buna görə Mehriban Sadıqovanın namizədliyi elan olunanda gərginlik yaşanıb. Bir sıra region diaspora liderləri - Yekaterеnburq, Nijni Novqorod, Peterburq, Тver, İvanovo, Kaluqadan gəlmiş diaspora rəhbərləri iclas zalını nümayişkarənə tərk ediblər. Hətta «Azerros»a qoşulmaq istəyən və iclasa bunun üçün gəlmiş bir qrup şəxs də narazılıq edib. Abbas Abbasov vəziyyətin gərgin olduğunu görüb, fasilə elan edib. Necə deyərlər, iclasa müdaxilə edib. Elə iclasın təxirə salınmasıyla bağlı deyilənlər də bununla bağlıdır.
Amma narazılarla danışıqları da şəxsən Abbasov özü aparıb. İki saatlıq fasilədən sonra iclas davam etdirilib. Federasiya Şurasının üzvləri Mehriban Sadıqovanı Şuranın sədri postuna seçməyə razılaşıblar.