Tarixi varislik ənənəsinə sadiq olaraq ümummilli liderimiz Heydər Əliyevin 1998-ci il mayın 22-də imzaladığı fərmanla Azərbaycan Xalq Cümhuriyyəti dövründə Səməd bəy Mehmandarovun rəhbərliyi ilə ilk əlahiddə Azərbaycan korpusunun yaradıldığı 26 iyun günü Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü kimi bayram edilir. Bu addım tarixi həqiqətin təsbiti və Milli Ordu quruculuğunda varislik ənənələrinin bərpası istiqamətində çox gərəkli idi. Həmçinin yenidən müstəqilliyini əldə edən gənc respublika üçün Silahlı Qüvvələrin yaradılması müstəqil dövlət quruculuğunun, tarixi zənginliyə dayanan dövlətçilik strategiyamızın mühüm nailiyyətlərindən biridir.
Müstəqilliyin ilk illərində mövcud durum ordu quruculuğu istiqamətində əsaslı fəaliyyət reallaşdırmağa imkan vermirdi. Yalnız 1994-cü il 12 may tarixində atəşkəsin elan olunmasından sonra ordu quruculuğu ilə bağlı genişmiqyaslı islahatlara start verildi. Tezliklə hərbi hissələrin, ayrı-ayrı qoşun növlərinin formalaşdırılması tam başa çatdırıldı. Orduya çağırış, fərarilik halları ilə bağlı bütün problemlər həll edildi. Dövlətçiliyi və hərbi andı hər şeydən uca tutan, hərbçi olmağı, vətən toraqlarını qorumağı şərəf bilən, mənəvi baxımdan sağlam zabitlər hərbi hissələrin rəhbərliyinə cəlb olundular. Şəxsi heyətin mənəvi-psixoloji hazırlığına, döyüş ruhunun yüksəldilməsinə diqqət artırıldı, hərbi vətənpərvərlik işi gücləndirildi. Silahlı Qüvvələrin döyüş hazırlığının səviyyəsi tək hərbi texnikadan deyil, bu texnikanı idarə edə biləcək savadlı zabit korpusundan əhəmiyyətli dərəcədə asılıdır. Bu baxımdan Azərbaycanda beynəlxalq standartlara cavab verən hərbi təhsil sisteminin formalaşdırılması ordu quruculuğunda vacib və tarixi əhəmiyyətli bir mərhələ oldu. Ordunun mərkəzləşdirilmiş maddi-texniki təminatı da əhəmiyyətli dərəcədə yaxşılaşdırıldı. Ordu quruculuğunun ən müxtəlif sahələri ilə bağlı zəruri olan qanunlar qəbul edildi, silahlı qüvvələrin mükəmməl qanunvericilik bazası yaradıldı. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədi ilə 1999-cu il yanvarın 20-də Hərbi Akademiyanın yaradılması haqqında fərman imzaladı. Prezidentin 20 avqust 2001-ci il tarixli fərmanı ilə Silahlı Qüvvələr üçün kadr hazırlığının təkmilləşdirilməsi məqsədilə Müdafiə Nazirliyi sistemində fəaliyyət göstərən məktəblər Azərbaycan Hərbi Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi adlandırılmışdı.
Müasir dördə bütün strateji əhəmiyyətli sahələrdə dinamik inkişafa yol açan Azərbaycan Respublikasında ordu quruculuğuna da xüsusi diqqətlə yanaşılır. Milli Ordunun müdafiə qüdrətinin və döyüş qabiliyyətinin artırılması, maddi-texniki təchizatının yaxşılaşdırılması, o cümlədən hərbi qulluqçuların sosial müdafiəsi tədbirlərinin gücləndirilməsi bu siyasətin prioritet istiqamətləri kimi diqqəti çəkir.
Ölkəmizin son illərdə dinamik inkişafı silahlı qüvvələrin büdcəsinin artması və nəticə etibarilə ordumuzun güclənməsi ilə müşayiət olunur. Son illərdə ordunun döyüş qabiliyyəti daha da yüksəlmiş, maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilmiş, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılmışdır.
Bu gün qarşıda dayanan əsas vəzifələrdən biri silahlı qüvvələrin daha da modernləşdirilməsi və ən son hərbi texnologiyaların orduya cəlb edilməsidir. Bir ənənə halını almış möhtəşəm şəkildə təşkil olunmuş hərbi paradların keçirilməsi Azərbaycan Silahlı Qüvvələrinin həm güc və qüdrətini, həm də modernləşdiyini nümayiş etdirir.
Ermənistanın təcavüzü ilə üzləşmiş Azərbaycanda yüksək döyüş qabiliyyətli, hərtərəfli təchiz olunmuş ordunun formalaşdırılması istiqamətində atılan addımlar son illərdə daha da intensivləşmişdir. Həyata keçirilən uğurlu islahatlar nəticəsində respublikamızın iqtisadi qüdrətinin ildən-ilə güclənməsi ordu quruculuğu sahəsinə də ardıcıl tədbirlər həyata keçirməyə, hərbi xərcləri durmadan artırmağa imkan vermişdir. "Daim müharibəyə hazır ol" tezisindən çıxış edən Azərbaycan ölkəmizdə hərbi potensialın daha da gücləndirilməsi, bu prosesdə qabaqcıl dövlətlərin təcrübəsinə istinad olunması kimi mühüm məsələləri diqqət mərkəzində saxlamışdır. Təsadüfi deyildir ki, Azərbaycanın hərbi büdcəsi 3,7 milyard ABŞ dolları təşkil edir və Azərbaycan ordusu Cənubi Qafqazda ən güclü və hazırlıqlı ordu hesab edilir.
Artıq 20 ildən artıqdır ki, davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində daim humanist, sülhyönlü mövqeyi və fəaliyyəti ilə yadda qalan Azərbaycan Ermənistanın qeyri-konstruktiv mövqeyi və “ikili standartların” mövcudluğu səbəbindən hələ də münaqişənin həllində gözlənilən nəticələr əldə etməyib. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin mümkün olmayacağı təqdirdə xalqın öz torpaqlarını azad etmək üçün silaha sarılacağını gizlətmir və Silahlı Qüvvələrin buna tam qadir olduğunu bəyan edir: "... Bizim ordumuz istənilən vaxtda torpaqlarımızı düşməndən azad etməyə qadirdir".
Nailə Məmmədova
"Şərqi Avropada Təhsil alan Azərbaycanlı Tələbələr və Məzunlar" İctimai Birliyinin fəalı