“Milli Şuraya daxil olan siyasi partiyalar arasında fikir ayrılıqları var. Müsavat Partiyasının və digər siyasi təşkilatların da Milli Şura ilə bağlı tərəddüdləri var. Amma yeganə partiya AXCP-dir ki, onların Milli Şuranın Rusiyanın proyekti olması ilə bağlı heç biri şübhələri, narahatçılıqları yoxdur. Onlar deyirlər ki, nə olursa olsun, Milli Şura olsun”.
Bu fikirləri virtualaz.org-a açıqlamasında Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib. ADP sədrinin sözlərinə görə, İctimai Palatanın Koordinasiya Şurasının dünən - iyunun 19-da keçirilən iclasında da bu ixtilaflar üstündə mübahisə düşüb, mübahisə isə sonra əlbəyaxa davaya qədər gedib çıxıb: “Onlar arasında da fikir ayrılıqları var. Mənə çatan məlumata görə, Milli Şuranın tərəfdarları ilə İctimai Palatanın siyasi mübarizə müstəvisində saxlanılmasını istəyənlər arasında əlbəyaxa dava olub. “O olmasın, bu olsun” filmindəki kimi Əli Kərimli girib araya. AXCP sədri dalaşanları ayırmaq istəyirmiş. Amma onun başına tort qabı ilə vurublar”.
Sayt yazıb ki, ADP sədrinin bu iddiasına aydnılıq gətirmək üçün AXCP sədri Əli Kərimli ilə əlaqə saxlamaq cəhdləri baş tutmayıb. AXCP sədrinin müavini Fuad Qəhrəmanlı isə həmin toplantıda iştirak etmədiyi üçün bu haqda ətraflı məlumatının olmadığını, belə bir şeyin isə mümkün ola biləcəyinə inanmadığını bildirdi: “Biz də belə bir xəbər eşidib gülmüşük. Belə şey ola bilməz”.
Qeyd edək ki, dünən mətbuatda qurum üzvləri politoloq Zəfər Quliyevlə hüquqşünas Vidadi Mirkamal arasında dava düşməsi haqda məlumatlar yayılmışdı.
Zəfər Quliyev toplantıda mübahisələrin olduğunu, amma dava düşmədiyini bildirdi: “Mən bu söhbətləri sosial şəbəkələrdə görmüşəm. Dünəndən bu məsələyə o qədər gülmüşəm ki… Maraqlı olan odur ki, iclasda heç tort olmayıb ki, tort qabı da olsun. Yalan məlumatdır”.