Dövlət Dillər Universitetinin rektoru, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun ofşor zonada qeydiyyatdan keçmiş şirkəti aşkarlanıb. Şirkətin adı “DorTexResurs” şirkətidir. Bu barədə “Yeni Müsavat”a məlumatlı mənbələrdən məlumat daxil olub.
Şirkətin baş ofisi Moskva şəhəri, Savvinski döngəsi, ev 2-4-6-da yerləşir. Şirkətin baş direktoru, iqtisadi elmlər namizədi Azər Əsgər oğlu Muradovdur. O həm də şirkətin Direktorlar Şurasının üzvüdür. Şirkətin e-mail ünvanı belə adlanır: [email protected].
Şirkətin Bakı ofisi də fəaliyyət göstərir. Bakı ofisinin meneceri Mehriban Muradovadır. Ofis Park İNN otelində (keçmiş “Azərbaycan mehmanxanası”) fəaliyyət göstərir.
Şirkət əsasən elektron biznes əməliyyatlarının, beynəlxalq valyuta bazarında nağdsız əməliyyatların təşkili ilə məşğul olur, dövriyyəsi on milyonlarla ölçülür.
Mənbənin iddiasına görə, hazırda şirkətin təsisçisi Səməd Seyidovla baş direktor Azər Muradov arasında ciddi fikir ayrılığı yaranıb. Buna səbəb gəlirlərin bölüşdürülməsinin tərəfləri qane etməməsidir. S.Seyidov belə hesab edir ki, təsisçi və ilkin kapitalın əsas payçısı kimi gəlirin böyük bir hissəsi ona çatmalıdır. Baş direktor isə belə düşünür ki, bütün idarəetməni özü həyata keçirdiyindən gəlirin çox hissəsi də ona çatmalıdır. Hazırda tərəflər arasındakı münaqişə davam edir və bu hətta müəssisənin dağılmasına da gətirib çıxara bilər.
Yada salaq ki, S.Seyidovun adı son vaxtlar qalmaqallı məsələlərdə hallanır. Bir qədər öncə Hesablama Palatası deputatın rəhbərlik etdiyi universitetdə audit yoxlaması aparmış və ciddi maliyyə çatışmazlığı faktları üzə çıxarıb. Söhbət bir neçə milyon manat dövlət vəsaitinin mənimsənilməsindən gedir. Hesablama Palatası aşkarladığı faktları Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə təqdim edib. Sonuncu da bu faktlar əsasında cinayət işi açıb. İndi də qalmaqallı ofşor şirkəti ortaya çıxıb.
Deputatın təsisçisi olduğu “DorTexResurs” şirkəti ilə bağlı bizdə olan məlumatların dəqiqləşdirilməsinə ehtiyac olduğundan hələlik təfsilatını yazmırıq.
Virtualaz.org-un əməkdaşı bu xəbərlə bağlı əlavə bilgilər almaq üçün Səməd Seyodovla əlaqə saxlayıb. S.Seyidov məlumatla tanış olduğunu bildirib. O deyib ki, özü haqqında indiyədək çoxlu belə informasiyalar oxuyub: “Müxtəlif mətbuat orqanlarında mənim haqqımda indiyədək çox uydurmalar yazıblar, cəfəng ittihamlar səsləndiriblər. Amma düzü, daha beləsini görməmişdim. Mənim heç bir offşor şirkətim yoxdur”.