“Səyahət xəbərdarlığının İsrail-Azərbaycan münasibətləri ilə heç bir əlaqəsi yoxdur”
İsrail Antiterror Bürosunun səyahət xəbərdarlığı yeni məsələ deyil və İsrail-Azərbaycan ikitərəfli münasibətləri ilə heç bir əlaqəsi yoxdur.
Bu barədə APA-ya İsrailin Azərbaycandakı səfirliyindən İsrail Antiterror Bürosunun ölkə vətəndaşlarına payızda bir sıra ölkələrə, o cümlədən Azərbaycana səfər etməmək barədə xəbərdarlığını şərh edərkən bildiriblər.
Səfirlikdə qeyd ediblər ki, İsraildə bayramlar öncə hər altı aydan bir Antiterror Bürosu xaricə səfər edən İsrail vətəndaşları üçün bənzər səyahət xəbərdarlığı elan edir.
Diplomatik nümayəndəlikdə vurğulayıblar ki, Azərbaycanla bağlı xəbərdarlıq ən aşağı səviyyədədir: “Əslində son həftələr İsraildən Azərbaycana bir sıra səfərlər olub. Qüds simfonik orkestri, İsrail futbol komandası, İsrail tennisçisi və digərlərinin səfərlərini misal gətirmək olar. İsrailin Azərbaycanla bütün sahələrdə çox gözəl əməkdaşlığı mövcuddur”.
Xatırladaq ki, dünən İsrail baş nazirinin Antiterror Bürosu ölkə vətəndaşlarına payızda bir sıra ölkələrə səfər etməməklə bağlı xəbərdarlıq ünvanlayıb. Xəbərdarlıqda bir sıra ölkələrlə yanaşı, Azərbaycan və Türkiyə də davamlı potensial təhlükə ehtimalı olan dövlətlər siyahısına daxil edilib və mümkün olduqca bu ölkələrə səfər etməmək tövsiyə olunub.
İsrail vətəndaşlarının səfər etməsi tövsiyə olunmayan ölkələr sırasında Misir və İordaniya da var. Büro Tailandın cənubunu, Filippin, Seneqal, Kəşmir bölgəsi, Nigeriya, Keniya və Çeçenistanı da səfər üçün ən təhlükəli regionlar hesab edir.