ABŞ-ın enerji və ətraf mühit məsələləri üzrə ixtisaslaşan aparıcı “E&E Publishing” agentliyinin televiziya kanalında iyulun 9-da Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Elin Süleymanov ilə müsahibə təqdim olunub.
Azərbaycanın ABŞ-dakı səfirliyindən Lent.az-a verilən xəbərə görə, agentliyin jurnalisti Monika Trauççinin suallarını cavablandıran səfir Süleymanov Cənub Qaz Dəhlizi barədə məlumat verərək, bu layihənin Avropa İttifaqı və ümumiyyətlə Avropa üçün prioritet layihələrdən biri olduğunu söyləyib. Ötən günlərdə Trans Adriatik qaz kəməri (TAP) barədə verilmiş qərarın iqtisadi əsaslara söykəndiyini göstərən E.Süleymanov bəhs edilən layihənin Azərbaycan qazını Avropa istehlakçılarına, konkret olaraq Yunanıstan və İtaliyaya çatdıracağını, lakin gələcəkdə onun əhatə dairəsinin bu ölkələrlə məhdudlaşmayaraq, bağlayıcı kəmərlər vasitəsilə Bolqarıstan və Rumıniya kimi ölkələrə də qaz tədarük edilə biləcəyini açıqlayıb. Səfir bu mənada bir daha Cənub Qaz Dəhlizinin Avropanın enerji təhlükəsizliyinə mühüm bir töhfə olduğunu vurğulayıb.
Daha sonra ABŞ və Azərbaycan arasında enerji sahəsində əməkdaşlığa toxunan səfir Süleymanov son iki onillik ərzində ölkəmizin Xəzər hövzəsinin enerji ehtiyatlarının hasil edilərək, o cümlədən Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə ixrac edilməsi və eləcə də Azərbaycan qazının Trans Anadolu kəməri (TANAP) və TAP vasitəsilə Avropaya çatdırılması məqsədilə öz tərəfdaşları ilə yaxından işlədiyini bildirib. O, enerji sahəsində əməkdaşlığı ABŞ və Azərbaycan arasında qarşılıqlı sərfəli tərəfdaşlığın növbəti bir təsdiqi və sübutu kimi xarakterizə edib.
Səfir həmçinin Azərbaycanın qaz ixracı sahəsində birbaşa rəqabət aparmadan, rəqabətli və açıq bazarda iştirak etmək istədiyini deyib. Bundan əlavə, Azərbaycanın Gürcüstan və Türkiyə ilə tərəfdaşlıqda hətta gərgin vəziyyətdə belə Bakı-Tbilisi-Ceyhan neft kəməri kimi layihəni gerçəkləşdirə bildiyini misal gətirib və Azərbaycanın iştirakı ilə həyata keçirilən layihələrin ümumiyyətlə regionumuzun daha sabit və daha firavan olmasına töhfə verdiyini bəyan edib.
Müsahibə ilə tam şəkildə “E&E Publishing” agentliyinin internet səhifəsində tanış olmaq mümkündür: http://www.eenews.net/videos/1708
Qeyd etmək lazımdır ki, enerji və ətraf mühit ilə bağlı ABŞ və qlobal səviyyədə baş verən hadisələri işıqlandıran “E&E Publishing” agentliyinin məlumatları Konqres və digər federal təsisatlar başda olmaqla ABŞ-ın dövlət qurumları, enerji şirkətləri və maliyyə institutları, universitet və araşdırma mərkəzləri tərəfindən yaxından izlənilir.