“Fransa Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həllinə öz töhfəsini verəcək”.
APA-nın məlumatına görə, bunu Fransanın Azərbaycandakı səfiri Paskal Mönye jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Azərbaycan və Ermənistan prezidentlərinin iyun ayında görüşü nəzərdə tutulsa da, sonra bu öz təsdiqini tapmayıb: “Bu yaxınlarda Azərbaycan prezidenti İlham Əliyevin ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşü oldu. Burada Azərbaycan və Ermənistan prezidentlərin görüşünün vacibliyi önə çəkildi və irəliləyişlərin əldə edilə biləcəyi vurğulandı. Bir sözlə, prezident İlham Əliyev tərəfindən yaxın gələcəkdə prezidentlərin görüşünün həyata keçirilməsi təklif olundu".
Səfir deyib ki, bu məsələ ilə əlaqədar ötən ilin sentyabrında prezident İlham Əliyevlə görüş olub: “Görüşdə Fransanın üzərinə hansı öhdəliyin düşməsi ilə bağlı məsələ müzakirə olundu. Ermənistan prezidenti Serj Sarkisyanla da görüşdə öhdəliklərin başlıca olaraq nədən ibarət olduğu diqqətə çatdırıldı. Fransa digər dövlətlər kimi, münaqişənin həllində öz səylərini göstərib və bundan sonra da prosesə öz töhfəsini verəcək”.