Səfər Əbiyev Masahisa Satonu qəbul edib
23 avqust 2013 14:43 (UTC +04:00)

Səfər Əbiyev Masahisa Satonu qəbul edib

Bu gün  müdafiə naziri general-polkovnik Səfər Əbiyev Yaponiya müdafiə nazirinin müavini Masahisa Satonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, nazir Səfər Əbiyev hərbi sahədə də ikitərəfli əməkdaşlığın qurulmasının münasibətlərin dərinləşməsinə böyük töhvələr verəcəyini önə çəkib.

Yaponiya Müdafiə Nazirliyi nümayəndə heyətinin Azərbaycana ilk səfərinin mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdıran nazir regionda baş verən hərbi-siyasi vəziyyət, Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsini doğuran səbəblər barədə yaponiyalı qonaqları məlumatlandırıb. O, bildirib ki, Ermənistanın təcavüzkar siyasəti bu gün də davam edir. Nazirin sözlərinə görə, digər narahatlıq yaradan amillərdən biri də BMT-nin məlum 4 qətnaməsinin indiyədək icra olunmaması ilə bağlıdır. Nazir  qonaqların diqqətinə çatdırıb ki, vəziyyət bu cür davam edərsə Azərbaycan ordunun imkanlarından istifadə etmək məcburiyyətində qalacaq.

Azərbaycan-Yaponiya əməkdaşlığının vacibliyini vurğulayan nümayəndə heyətinin rəhbəri Masahisa Sato Azərbaycan Silahlı Qüvvələrinin sülhyaratma missiyalarda iştirakının böyük əhəmiyyət daşıdığını bildirib. Görüş zamanı ikitərəfli hərbi əməkdaşlıq sazişinin layihəsi üzərində işləmək barədə razılıq əldə olunub.

Görüşdə Azərbaycanın Yaponiyadakı  fövqəladə və səlahiyyətli səfiri Gürsel İsmayılzadə və Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Şusuke Vatanabe iştirak edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 421
avatar

Oxşar yazılar