Ermənistan parlamentinin Xarici əlaqələr komissiyası “Dağlıq Qarabağ Respublikasının tanınması haqqında” qanun layihəsi ilə bağlı qərar qəbul edə bilməyib.
APA-nın “Azatutyun” radiosuna istinadən verdiyi xəbərə görə, hakimiyyətdəki Respublika Partiyasının deputatları səsvermədə iştirak etməyiblər. Onlar mövqelərini belə əsaslandırıblar ki, Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımağın tərəfdarı olsalar da, hazırda belə bir qanunun qəbulu məqsədəuyğun deyil.
Hakim partiyanın mövqeyi müxalifətdəki “İrs” Partiyasının deputatı Zarui Postancyan tərəfindən təqdim olunan qanun layihəsinin gündəmə alınmasını mümkünsüz edir. Komissiyada alternativ kimi parlament tərəfindən qanun deyil, xüsusi bəyanat qəbul olunması təklif olunub. Lakin Z. Postancyan öz layihəsini geri götürməkdən imtina edib.
Hökumət nümayəndələri də layihənin əleyhinə mövqe bildiriblər. Xarici işlər nazirinin müavini Şavarş Koçaryan hesab edir ki, hazırda beynəlxalq oyun qaydalarını dəyişmək məqsədəuyğun deyil.