Azərbaycan - Ukrayna: diplomatik münasibətlərin yeni mərhələsi
29 noyabr 2013 13:49 (UTC +04:00)

Azərbaycan - Ukrayna: diplomatik münasibətlərin yeni mərhələsi

Azərbaycanın xarici siyasətində xüsusi yerlərdən birini MDB üzvü olan dövlətlərlə qarşılıqlı əlaqələr tutur. Bu dövlətlərdən isə Ukrayna ilə münasibətlərin inkişafının vurğulanması labüddür.

MDB, eyni zamanda GUAM, Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin yaradılmasını nəzərdə tutan TRASEKA layihəsi, Avropa İttifaqı, Avropanın tıhlükəsizlik, iqtisadi, siyasi, enerji layihələri və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində, eləcə də ikitərəfli əməkdaşlıq fonunda yaradılmış olan qarşılıqlı münasibətlər bu gün strateji müttəfiqlik istiqamətində öz inkişafını davam etdirir. Qeyd edək ki, Ukraynada çoxsaylı Azərbaycan diasporunun olması və bu ölkənin ictimai-siyasi, iqtisadi və mədəni həyatında yaxından iştirak etməsi iki ölkə arasındakı münasibətlərin inkişafı və yaxşılaşmasında xüsusi bir amil kimi çıxış edir. Ukrayna ilə münasibətlərdə Azərbaycan iqtisadi, siyasi, regional və hərbi sahədə əməkdaşlığa xüsusi önəm verir. Bu baxımdan hər iki ölkə prezidentlərinin rəsmi və işgüzar səfərləri mühüm rol oynayır. Elə bu səfərlərdən biri də 17-18 noyabrda baş tutmuşdur. Belə ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev noyabrın 17-18-də Ukraynada rəsmi səfərdə olmuşdur.

Noyabrın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kiyev şəhərindəki “Naməlum əsgər” abidəsini ziyarət edərək 1941-1945-ci illərin Böyük Vətən müharibəsində həlak olmuş döyüşçülərin xatirəsini ehtiramla yad etmiş, daha sonra, noyabrın 18-də Kiyevdə “Qolodomor” qurbanlarının - 1930-cu illərdə aclıqdan həlak olanların xatirəsinə ucaldılmış abidəni ziyarət etmişdir. Bütün bunlar Azərbaycan-Ukrayna münasibətlərinin tarixən siyasi əsaslarla yanaşı, milli-mənəvi əsaslarla da bağlı olduğunun göstəricisi idi.

Səfərdə əsas müzakirə mövzularından biri ikitərəfli əlaqələrdə prioritet sahə olan energetika sahəsində əməkdaşlığın inkişaf etdirilməsi məsələsi olmuşdur. Eyni zamanda Azərbaycan Respublikasının Prezidenti hər iki ölkənin hərbi-texniki sahədə əməkdaşlıq və müştərək elmi araşdırmalar üçün yaxşı potensiala malik olduğunu vurğulamışdır.

Səfər zamanı Ukrayna Prezidenti Azərbaycan Respublikasının Prezidentini “Azadlıq” ordeni ilə, Azərbaycan Respublikasının Prezidenti isə Ukrayna Prezidentini “Heydər Əliyev” ordenini ilə təltif etmiş, eləcə də iki ölkə arasında bir sıra ikitərəfli sənədlər imzalanmışdır. Viktor Yanukoviç və İlham Əliyev Ukrayna və Azərbaycan Respublikası Prezidentləri Şurasının dördüncü iclasının protokolunu imzalamışlar. Bu sənəddə Ukrayna-Azərbaycan ikitərəfli münasibətlərinin indiki vəziyyəti və inkişaf perspektivlərinin müzakirəsinin nəticələri əks olunmuşdur.

Beləliklə, səfər zamanı Azərbaycan ilə Ukrayna arasında müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə, tikinti sektorunda, sənaye, infrastruktur sahələrində də əməkdaşlığın inkişafından məmnunluq ifadə olunmuş, humanitar əməkdaşlığın uğurla inkişaf etdiyi diqqətə çatdırılmışdır. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev vurğulamışdır ki, Ukrayna Azərbaycan üçün yaxın və etibarlı tərəfdaş, dost ölkə və strateji tərəfdaşdır.

Bütün bunlar göstərir ki, əsası Heydər Əliyev tərəfindən qoyulan  Azərbaycanın xarici siyasət strategiyasının əsas prioritetlərindən biri olan ikitərəfli əlaqələrin qurulması və inkişaf etdirilməsi Azərbaycan-Ukrayna münasibətləri çərçivəsində uğurla davam etdirilir və iki ölkə arasında qarşılıqlı etimada əsaslanan bu münasibətlərdə Azərbaycan özünə dost ölkə, strateji əməkdaş və Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ problemində tərəfdaş qazanmışdır.

 

 

man Xəlİlova

 "Şərqi Avropada Təhsil alan Azərbaycanlı Tələbələr və Məzunlar" İctimai Birliyinin fəalı

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1437
avatar

Oxşar yazılar