Modern.az saytı son günlər gündəmin əsas müzakirə olunan şəxsi – Milli Şuranın prezidentliyə vahid namizədi kinodramaturq Rüstəm İbrahimbəyovla bağlı məsələlərə onun Bakıda yaşayan həyat yoldaşından münasibət öyrənməyə çalışıb.
“Hazırda şəhərdən kənardayam və xəstəyəm. Seçki məsələləri də məni maraqlandırmır” - deyə Modern.az saytına açıqlamasında Rüstəm İbrahimbəyovun Bakıda yaşayan həyat yoldaşı, S.Vurğun adına Rus Dram Teatrının aktrisası, xalq artisti Lyudmila Duxovnaya söyləyib.
Xalq artisti daha sonra fikrinə bunları əlavə edib: “Siyasət mənlik deyil. Bu barədə ümumiyyətlə danışmaq istəmirəm. Xahiş edirəm heç kim məni narahat etməsin”.
Aktrisanın yaxın ətrafından Modern.az-a verilən məlumata görə, Rüstəm İbrahimbəyovla Lyudmila Duxovnaya 25 ildir ər-arvad münasibətlərində olsalar da, rəsmi nikahda deyillər. Son iki ildə isə bir-birləri ilə əlaqələri tamamilə kəsilib.
Xatırladaq ki, Rüstəm İbrahimbəyovla Lyudmila Duxovnayanın izdivacından 1974-cü il təvəllüdlü Fatimə İbrahimbəyova adlı bir qızları doğulub. Üç uşaq anası olan Fatimə xanım hazırda ailəsilə birgə İstanbulda yaşayır.
Qeyd edək ki, Lyudmila Duxovnaya Rüstəm İbrahimbəyovun nikahda olduğu ikinci xanımdır.
L.Duxovnaya 1944-cü ildə Bakıda anadan olub. 1963-cü ildə Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrı nəzdindəki studiyanı bitirib. Həmin ildən bu teatrda çıxış edir. Klassik və müasir dramaturqların pyeslərində müxtəlif obrazlar yaradıb. Bunlara misal olaraq aşağıdakı rolları göstərmək olar:
Nastya ("Həyatın dibində", M. Qorki), dul qadın ("Kaliforniyada dəfn", R. İbrahimbəyov), Valentina ("Valentin və Valentina", M. Roşşin), Natalya Qolubeva ("Aləmlə üz-üzə", A. Gelman), Karolli ("Əldən düşmüş at", F. Saqan), Eleonora ("Əliaçıq", İ. Jamiak), Jülyetta ("Oğrular balı", J. Anuy) və Azərbaycan Milli Dram Teatrında Elçinin "Ah Paris, Paris" pyesinin tamaşasında Vera rolunda çıxış edib.
L.Duxovnaya 1976-ci ildə "Əməkdar artist", 1991-ci ildə "Xalq artisti" fəxri adına layiq görülüb. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsüdür.