Milli Şuranın sədri, kinorejissor Rüstəm İbrahimbəyov Rusiyanın “Vzqlyad” qəzetinə müsahibə verib.
Lent.az-ın verdiyi məlumata görə, Rüstəm İbrahimbəyov ilk öncə, Konstitusiyada ikili vətəndaşlığı olan şəxslərin seçkilərdə iştirakının qadağan edilməsindən danışıb:
“İkili vətəndaşlıq Rusiya və Azərbaycan arasında xüsusi beynəlxalq razılaşmanın olmasını nəzərdə tutur. Ancaq belə razılaşma yoxdur. Azərbaycan ümumiyyətlə, ikili vətəndaşlığı tanımır. Ona görə də, ikili vətəndaşlıqla bağlı məni ittiham etmək olmaz. Mən bütün sənədləri təqdim etmişəm ki, başqa dövlət qarşısında hər hansısa öhdəliyim yoxdur. Öhdəliyim olduğu halda sənədlərimi baxılması üçün qəbul edə bilməzdilər. Ən azı məni qeydiyyata almalı idilər. Mən sübut təqdim etdim ki, Rusiyada hər hansı öhdəliyim, biznesim, daşınmaz əmlakım yoxdur, vergi ödəmirəm, hərbi mükəlləfiyyətim yoxdur. Bütün bunlar beynəlxalq normalarla ziddiyyət təşkil edir. Azərbaycan da həmin beynəlxalq konvensiyanı imzalayıb və belə hallarda ziddiyyət yaranarkən beynəlxalq öhdəliklər əsas götürülür. Beynəlxalq hüquq baxımından mənim vətəndaş hüquqlarım tapdanıb. Digər tərəfdən, Konstitusiyada son 10 ildə yox, ölkədə 10 il yaşamaqdan söhbət gedir. Əgər mən qütblərdə çalışsaydım və buna görə Bakıdan tez-tez getdiyim üçün prezident ola bilməzdim? Mən Bakıda yaşayıram, səs verirəm, teatra rəhbərlik edirəm, böyük təşkilatın rəhbəriyəm, ölkənin siyasi həyatında iştirak edirəm. Ölkədən tez-tez çıxmağım isə xidməti işimlə bağlıdır. Ona görə də cümə axşamı vəkilim məhkəməyə müraciət edib”.
Rüstəm İbrahimbəyov ona Rusiya pasportunun Rusiyanın Bakıdakı səfirliyi tərəfindən təqdim edildiyini də heç vaxt gizlətmədiyini dilə gətirib: “Mən həmişə ikili vətəndaşlığımın olması ilə fəxr etmişəm. Rusiya səfiri sadəcə, bu faktı təsdiqləyib. Mən seçki ilə bağlı vətəndaşlıqdan çıxmalı idim. Hələ formal olaraq Rusiya vətəndaşlığından çıxmamışam. Rusiya prezidenti istisna olaraq mənim müraciətimə cavab verə bilərdi, ancaq bu halda da ciddi prosessual pozuntuya yol verərdi. Ona görə də Rusiya prezidentindən bunu tələb edə bilmərəm. Bu, həm də könüllü aktdır. Belə görünür ki, Vladimir Putin bunu zəruri saymayıb. Mən Rusiya prezidentinə nə etməli olduğu barədə göstəriş verə bilmərəm. O, adətən aylarla çəkən bu proseduru istisna qaydada tezləşdirməyi zəruri saymadı. Ondan inciməyə haqqım yoxdur, ancaq başa düşürəm ki, bu, müəyyən qədər onun Azərbaycana səfəri ilə bağlıdır. Yəqin ki, Bakıda bu barədə danışıblar. Bu, mənim fikrimdir”.
“Rəhbəri olduğunuz Kinematoqrafçılar İttifaqında maliyyə pozuntuları barədə ittihamlarla əlaqədar həbsinizdən ehtiyatlanırsınızmı, nə üçün Azərbaycana qayıtmırsınız?” sualını cavablandıran Rüstəm İbrahimbəyov deyib ki, şəxsən ona qarşı hər hansı ittiham irəli sürülməyib: “Vitse-prezidenti olduğum Şərq-Qərb kinofestivalı ilə bağlı verginin ödənilməməsi barədə kor-koranə ittihamdan söhbət gedir. Ancaq mən maddi məsuliyyət daşıyan şəxs deyiləm, hər hansı kağıza imza atmamışam. Ancaq ehtiyat edirəm ki, Milli Şuranın vahid namizədi irəli sürüldüyüm üçün məndən ölkəni tərk etməmək barədə iltizam alalar və bütün fəaliyyətimizi iflic edələr”.