“Azadlıq” və “Yeni Müsavat” qəzetləri arasında növbəti siyasi qalmaqal başlayıb.
Lent.az-ın xəbərinə görə, “Azadlıq” qəzeti İctimai Palatanın Koordinasiya Şurasının üzvü, «Yeni Müsavat» qəzetinin baş redaktoru Rauf Arifoğlunun Rusiyanın Azərbaycan hakimiyyətinə qarşı yeni təzyiqlərə keçə biləcəyi ilə bağlı təhlil yazısına rəylər öyrənib.
“Azadlıq” qəzeti yazır: ““Yeni Müsavat”ın saytında dərc olunan yazısında R. Arifoğlu qeyd edir ki, Ermənistanın Avrasiya İttifaqına daxil olması Rusiyanın rəsmi Bakı ilə münasibətlərində yaranmış yeni tarazlığı pozur və Kreml bundan sonra Azərbaycandan daha böyük güzəştlər istəmək üçün əlavə imkanlar əldə edir. Müəllifin fikrincə, bunun üçün Putinin Əliyevə təzyiqləri yenidən güclənə bilər və belə bir şəraitdə Azərbaycanın demokrtik qüvvələri müəyyən addımlar atmalıdır. R.Arifoğlu hesab edir ki, Rusiya demokratik qüvvələrdən Əliyev hakimiyyətinə təzyiq vasitəsi kimi yaralanmaq istəyə bilər. Bu səpkili mülahizələrdən sonra baş redaktor demokratik qüvvələr – Milli Şura üçün konkret təklif irəli sürür: “İçəridə ilk gündən konflikt yaradan EL hərəkatı, ACP, ALP kimi (kənar güclərə birbaşa bağlı olan) qurumlarla çəkinmədən vidalaşa bilmək qətiyyəti olmalıdır”.
“Azadlıq” qəzeti R.Arifoğlunun bu təklifinə adları çəkilən təşkilatların rəhbərlərindən və Milli Şuranın başqa üzvlərindən münasibət öyrənib.
ALP sədri Əvəz Temirxan deyib ki, R. Arifoğlunun yazdıqlarını “qeyri-ciddi”, “müəllifin öz təxəyyülünün məhsulu” adlandırıb: “Bu şəxs hər şeyə aqressiv yanaşır, hamını şantaj edir. Bu şəxs vaxtı ilə öz partiyadaşlarının yaxınlarına şər atmaqdan belə çəkinməyib. ...Çox güman ki, Rauf Arifoğlunun iqtidardakı dostları əsas rəqib saydıqları Milli Şuranı dağıtmaq üçün ona belə bir sifariş veriblər. Bu fərziyyə daha ağlabatandır”.
ACP sədri Sülhəddin Əkbər isə deyib “ciddi adamlar Rauf Arifoğlunun yazılarına əhəmiyyət vermirlər”: “Bu, açıq-aşkar Milli Şuranı parçalamaq cəhdindən, təxribatdan başqa bir şey deyil”.
«El» Hərəkatının Ali Məclis sədri Eldəniz Quliyev də Rauf Arifoğlunu sifariş yerinə yetirməkdə ittiham edib: “Rauf Arifoğlu illərdir ki, məharətlə əsl niyyətini gizlətməyə nail olur”.
Lakin “Azadlıq” qəzeti məsələyə Rauf Arifoğlunun münasibətini öyrənməyib.
Bu gün “musavat.com” saytında məsələyə münasibət bildirən R. Arifoğlu “Azadlıq” qəzetini qərəzli və qeyri-peşəkar olmaqda ittiham edib: "Azadlıq" qəzeti bir cümləlik fikrimi konteksdən çıxarıb, 6 nəfər Milli Şura üzvündən buna münasibət alıb. Adımı iki yerdə başlığa çıxarıb, məndən bir cümlə də münasibət öyrənməyib, cavab haqqı tanımayıb. Həmkarlarımı şiddətlə qınayıram. Qərəzin də bir əndazəsi olar. Nədi-nədi, mən yazımaşam ki, Rəsulzadə-Elçibəy yolunda olanlar Heydər Əliyevlə yol başalayan 3 liderin (Rəsul Quliyev, Eldar Namazov, Lalə Şövkət) son günlər Milli Şuraya tətbiq etdikləri sabotaj və anti-təbliğat kampaniyasının qarşlığında onlarla vidalaşma qətiyyəti göstərməyə hazır olmalıdırlar. Rəsul Quliyev vahid namizəd haqqında "heç bir şansı yoxdur", deyə bilər, EL Hərəkatı və ALP Cəmil Həsənlinin vahid namizəd kimi qatıldığl MŞ-nin ilk sessiyasını boykot edə bilər, cəmiyyətin və beynəlxalq təşkilatların diqqətini ortadakı narazılığa yönəldə bilər, EL liderlərindən biri "Mən Cəmil Həsənlini yox, İlqar Məmmədovu müdafiə edəcəm, hamını da buna çağırıram", kimi bəyanat verə bilər; amma biz "bunları edənləri özünüzdən ayırmağa da qətiyyət göstərməniz lazım, əks halda problem daha da böyüyəcək", yazanda, hədəf Rauf Arifoğlu olacaq? Niyə bu əməlləri töprədənlərdən sitat verilib, pislənilmir? Amma bütün devşirmələri danışdırıb, məni təhqir etdiriblər... Hazırda bütün münasibətlər seçkiyə qatılan vahid namizədə - Cəmil Həsənliyə olan münasibətlə tarazlanmalıdır. Seçki prezident seçkisidir - parlament deyil ki, burada çoxluğun və partiyaların əhəmiyyəti olsun. Bizdə qəzet olaraq onun yanında və dəstəyindəyik. Amma Rəsul Quliyev yox! Deyir "şansı yoxdir". Biz Cəmil bəyə keyfiyyətli informasiaya dəstəyi veririk - EL hərəkatı onun vahid namizəd kimi ilk dəfə qatıldığı sessiyanı boykot edir, Şuşa restoranında alternativ toplantı çağırır və daxili qərar verir - "İlqar Məmmədovu dəstəkləyəcəyik". Bu da səhərisi gün mətbuata çıxarılır. ALP də həmin gün sessiyanı boykot edir, qatılmır, mətbuata da məlumat ötürülür ki, buna səbəb iclasa sədrliyi Əli Kərimlinin etməsidir, Əvəz özü sədr olmaq istəyib... Biz də bunları qınayan yazı yazırıq ki, axı, belələri sizin nəyinizə lazım! Qarşınızda unikal şans açılmaqdadır. Bu şansı bu cür dedi-qodulara əzdirməyin.
Və bir köşə yazısına görə onun müəllifinin də siyasətçilərin hədəfinə çıxarılması ancaq "Azadlıq"a xas hərəkətdir. Onamı, yoxsa arxasındakı hörmətli dostumuzamı... “