APA-nın Avropa müxbirinin xəbərunə görə, məruzəni Assambleya üzvlərinə təqdim edən Rafael Hüseynov deyib : “Vətəndaşlıq haqqında Avropa konvensiyasını imzalamış ölkələrin azlığından bu gün narahatlıq keçiririk. Əslində isə konvensiyanı imzalamış ölkələrin sayı o qədər çox olmalı idi ki, biz niyə hansısa tək-tək ölkələr hələ də konvensiyaya qoşulmayıblar məsələsi barədə düşünməliydik. Çünki vətəndaşlıq almaq elə problemdir ki, artıq bütün ölkələrimizin həyatından keçir və vətəndaşlığa qəbul istiqamətində mövcud olan çətinliklər mahiyyəti etibarı ilə milyonlarla insan üçün psixoloji gərginlik mənbəyinə çevrilb.
Təəssüflə qeyd edirik ki, vətəndaşlığı olmayan şəxslərin miqdarı Avropa Şurasına üzv dövlətlərdə hələ də çoxdur və bu ciddi bir problem kimi ortaya çıxmaqdadır. Təbii ki, könüllü, yaxud məcburi miqrasiyalar problemin kökündə dayanan başlıca amillərdəndir. Sərhədlərin 20-30 il əvvələ nisbətən daha şəffaf olması da bu proseslərə əlavə intensivlik verir. İnsanlar bir ölkədən digərinə köçür, uzun müddət vətəndaşlıq ala bilmədən yaşamağa başlayır, onların övladları dünyaya gəlir və vətəndaşlığı olmayan şəxslər kimi doğulduqlarından bu kiçik insanlar saysız problemlərlə üzləşirlər. Eyni bir ölkə içərisində dövlətin verdiyi bütün hüquqlardan tam istifadə edə bilən təbəqə ilə yanaşı, vətəndaşlığı olmayan və hüquqları məhdud insanların mövcudluğu təbii olaraq qeyri-bərabərlik yaradır.
İkinci dünya müharibəsindən sonra, XX əsrin ikinci yarısından etibarən mənim ölkəmə, Azərbaycana cənub qonşuluğumuzdakı ölkədən minlərlə siyasi mühacir gəlmişdi. Onlar bizimlə eyni millət idilər, amma vətəndaş deyildilər, yarım əsrə yaxın bir müddətdə onlar elə rəsmən vətəndaşlıq almadan yaşadılar, əksəriyyəti həyatdan elə yalnız siyasi sığınacaq almış, amma vətəndaş olmayan insanlar kimi getdilər. Doğrudur, dövrün ideoloji tələblərinə müvafiq olaraq onlara normal yaşamaları, məişət problemləri ilə üzləşməmələri üçün qeyri-rəsmi olaraq maksimal şərait yaradılırdı, lakin rəsmi vətəndaş statusunun olmamasının yaratdığı bir diskomfort hər halda vardı. Və onların artıq bu ölkədə doğulmuş övladlarından vətəndaş olmaq haqqını əsirgəmirdilər. Bunlar keçən əsrin 50, 60, 70-ci illərinin reallıqlarıdır.
İndi XXI əsrdir və ortaq Avropa Evi, daha kompakt, daha yaşamalı dünya qurmaq yolunda nə qədər çalışsaq da, on minlərlə insan oxşar problemlərdən əziyyət çəkir. Zənnimizcə, bu aspektdə üç məsələyə daha artıq diqqət yönəltməliyik. Naturalizasiya siyasəti, şəxsin anadan olan kimi vətəndaşlıq ala bilməsi məsələsi və çoxvətəndaşlılıq amili. Naturalizasiya siyasəti sahəsində ədalətlilik prinsipinə söykənən və üzv dövlətlərdə bu proseslərə tətbiq edilən müştərək minimal standartların olması vacibdir. Naturalizasiya siyasətinin düzgün aparılması cəmiyyətlərdə qütbləşmənin qarşısını alar, hüquqları daha çox vətəndaşlarla daha məhdud hüquqları olan qeyri-vətəndaşların arasındakı görünən və görünməyən ziddiyyətləri neytrallaşdırar. Bu həm də inteqrasiya proseslərinin artmasına, cəmiyyətlərin daha artıq konsolidasiyasına imkan verər”.
Məruzə ətrafındakı müzakirələrdə Fransa, Hollandiya, Yunanıstan, Macarstan, Estoniya,Rumıniya, Rusiya Federasiyası, Moldova və digər ölkələrdən olan deputatlar çıxış edərək, Avropanın bu günü və gələcəyi üçün mühüm əhəmiyyət kəsb edən bu araşdırmanın daha da mükəmməlləşməsi və işlək olması üçün təkliflərlə çıxış ediblər.
Müzakirələrə yekun vurarkən Rafael Hüseynov problemin həlli baxımından əhəmiyyət kəsb edən bir sıra istiqamətlərə diqqət yönəldib : “Uşaqların dünyaya gəlməsinin üzv ölkələrdə hamı üçün eyni olan universal qeydiyyat sisteminin bərqərar olması, vətəndaşlığı olmayanların övladlarının elə doğuluşdan həmin problemdən xilas olmasını təmin edər. Müasir insan daha mütəhərrikdir, onun həyatı keçmişlərə nisbətən daha transmilli səciyyə daşıyır, fərqli vətəndaşlığı olanların qarışıq nikahları artıb. Bütün bu xüsusiyyətlər insanların gündəlik həyatına vətəndaşlıq məslələrində maneə yaradan elementlərin həyatın, dövrün tələblərinə uyğunlaşdırılmasını istəyir. Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin məruzəyə təklif etdiyi dəqiqləşdirmələr də mahiyyəti də məhz vətəndaşlıq almanı daha da sadələşdirmək, bu sahədə olan süni maneələrin maksimal dərəcədə aradan qaldırılmasına nail olmaq və nəhayətdə insanların hüquqlarının daha geniş miqyasda təmin edildiyi cəmiyyətlərin formalaşmasına kömək etməkdir”.