Millət vəkili Qənirə Paşayeva bu gün Milli Məclisdə yeni təkliflə çıxış edib. Lent.az-ın məlumatına görə, millət vəkili Azərbaycanın İraqda səfirliyinin fəaliyyətə başlamasını təklif edib və bunun orada yaşayan soydaşlarımız üçün də çox vacib olduğunu deyib. O, Azərbaycanla İraq arasında diplomatik, xüsusi və xidməti pasportlara malik şəxslərin vizasız gediş-gəlişi haqqında sazişin təsdiq edilməsi barədə qanun layihəsindən danışaraq, İraqda yaşayan və sayı təxminən 3 milyon olan soydaşlarımızın Azərbaycanın İraqda səfirliyinin fəaliyyətə başlaması xahişi ilə daim çıxış etdiklərini deyib: “Lakin çox təəssüflər olsun ki, Azərbaycanın indiyə qədər İraqda səfirliyi fəaliyyətə başlamayıb. Bununla bağlı prezident İlham Əliyevin imzaladığı qanun layihəsi və sərəncam var və biz Xarici İşlər Nazirliyimizi İraqda yaşayan soydaşlarımızın da istəklərini də nəzərə alaraq, yaxın zamanlarda bu ölkədə səfirliyimizin fəaliyyətə başlaması işini həyata keçirməyə çağırırıq. İraq parlamenti, onun İraq-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri də bizimlə görüşdə bunu xahiş etdiklərini bildirib”.
Millət vəkili hər il yüzlərlə azərbaycanlının İraqda dini ziyarətgahları, Nəcəfi, Kərbəlanı, Kufəni ziyarət etdiyini deyərək, səfirliyin fəaliyyətə başlamasının ümumilikdə çox vacib olduğunu bildirib.