APA-nın məlumatına görə, Nurlan Niqmatullini Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Milli Məclisi sədrinin birinci müavini Ziyafət Əsgərov və Qazaxıstanın ölkəmizdəki səfiri qarşılayıblar. Hava limanında jurnalistlərə açıqlama verən Nurlan Niqmatullin bildirib ki, Azərbaycan və Qazaxıstan strateji tərəfdaşlardır: "Əlaqələrimiz kökü qədim tarixə dayanır. Biz Azərbaycanla müxtəlif sahələrdə əməkdaşlıq edirik və bu əməkdaşlıq günü-gündən inkişaf edir. Mən birinci dəfədir ki, Azərbaycana səfər edirəm. İnanıram ki, bu səfərim ölkələrimiz üçün səmərəli olacaq".
N.Niqmatullin bildirib ki, səfər çərçivəsində ölkələrimizin parlamentləri arasında əməkdaşlığa dair saziş imzalanacaq. Eyni zamanda ikitərəfli münasibətlərin daha da genişləndirilməsi barədə müzakirələr aparılacaq.
Qeyd edək ki, Azərbaycan MM-in sədri Oqtay Əsədov da Qazaxıstana bu il ərzində səfərə dəvət olunub.