Noyabrın 12-də prezident İlham Əliyev və prezident Abdullah Gül Türkiyə Aerokosmik Sənayesi Şirkətinin fəaliyyəti ilə tanış olublar.
Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, prezidentlər əvvəlcə şirkətin uçuş qülləsindən “HÜRKUŞ” əsas təlim təyyarəsinin və “T129” hücum helikopterinin təlim uçuşlarını izləyiblər.
Dövlətimizin başçısının diqqətinə çatdırılıb ki, Türk Uçak Sanayi Anonim Ortaklığı 1973-cü ildə ölkənin müdafiə sahəsində xarici istehsaldan asılılığın aradan qaldırılması məqsədilə yaradılıb.
1984-cü ildə təməli qoyulan və Amerika-Türkiyə birgə layihəsi olan Türkiyə Aerokosmik Sənayesi Şirkəti isə Türkiyə Hava Qüvvələrinin tələbatını ödəmək məqsədilə fəaliyyətə başlayıb.
İlk vaxtlarda əsas məqsəd “F-16”ların istehsalına başlamaqla təyyarə sistemlərinin inteqrasiyasına nail olmaq və uçuş testlərini apardıqdan sonra döyüş təyyarələrini hava qüvvələrinin istifadəsinə vermək olub.
2005-ci ildə şirkətin bütün payları Türkiyəyə keçmiş və orada geniş yenidənqurma işləri aparılıb.
Bu çərçivədə Türkiyə Aerokosmik Sənayesi Şirkəti fəaliyyətini daha da genişləndirmiş və aviasiya, kosmos sənayesi sistemləri inkişaf etdirilmiş, modernləşmə, sistemlərin əlaqələndirilməsi ilə bağlı bir çox nailiyyətlər qazanılıb.
Bununla da Türkiyə Aerokosmik Sənayesi Şirkəti qardaş ölkənin mühüm texnoloji mərkəzlərindən birinə çevrilib. Hazırda şirkət özündə 5 əsas strateji iş mərkəzini birləşdirir. Bundan əlavə, şirkət tərəfindən istehsal olunan məhsullarla bağlı logistik xidmət də fəaliyyət göstərir.
Prezident İlham Əliyev “HÜRKUŞ” təlim təyyarəsinin texniki göstəriciləri ilə tanış olub.
Qeyd edilib ki, son illərdə bu təlim təyyarəsində modernləşdirmə işləri aparılıb.
Dövlətimizin başçısına, həmçinin “T129” hücum helikopterinin texniki göstəriciləri barədə də məlumat verilib.
Qeyd olunub ki, Türkiyə Aerokosmik Sənayesi Şirkətinə daxil olan müəssisələr 274 min kvadratmetri qapalı olmaqla, ümumilikdə 5 milyon kvadratmetr sahəni əhatə edir. Həyata keçirdiyi layihələri və çoxşaxəli sərmayələri ilə Türkiyənin aviasiya və kosmos sənayesi mərkəzi olan bu qurum istehsal etdiyi yüksək texnologiyaya malik məhsulları ilə dünyada böyük nüfuz qazanıb. Zəruri, modern cihaz və avadanlıqla təchiz olunmuş müasir təyyarə istehsalı müəssisələrini, hissə istehsalı ilə yanaşı, təyyarə quraşdırılması, modern laboratoriya və uçuş test sistemlərini birləşdirən, bir sözlə geniş istehsal imkanlarına malik Türkiyə Aerokosmik Sənayesi Şirkəti ekoloji sahədə də bir çox layihələr reallaşdırır. Hazırda şirkətin müəssisələrində pilotsuz təyyarələrin istehsalı həyata keçirilir.
Prezident İlham Əliyevə polutsuz “ANKA” təyyarəsi barədə məlumat verilib. Bildirilib ki, Türkiyə Aerokosmik Sənayesi Şirkətinə daxil olan kosmos qrupunda dünyada diqqət çəkən istehsal prosesi həyata keçirilir. Orada hərbi məqsədlə “Göytürk1” və Türkiyənin ilk milli yer kəşfiyyat peyki olan “Göytürk2”nin istehsalı baş tutub. Bundan əlavə, 1987-ci ildən başlayaraq şirkətdə “F-16” döyüş təyyarələrinin istehsalı həyata keçirilir ki, əsas məqsəd yerli tələbatı ödəmək və bu təyyarələrin xaricə satışına nail olmaqdır.
Artıq Yaxın Şərqdə bu təyyarələrin əsas istehsalçısı olan Türkiyə onların modernləşdirilməsi proqramını da uğurla reallaşdıran ölkə kimi tanınır. Eyni zamanda, hərbi təyinatlı helikopterlərin istehsalında və onların modernləşdirilməsində də mühüm nəticələr əldə edilib. Bütün bunlarla yanaşı, şirkət beynəlxalq əməkdaşlıq çərçivəsində müxtəlif ölkələrə məxsus təyyarə markalarının hissə və avadanlığının istehsalında da yaxından iştirak edir.