Prezident İlham Əliyev Şabran-Pirəbədil-Zeyvə avtomobil yolunun açılışında da iştirak edib. Dövlət başçısı yolun rəmzi açılışını bildirən lenti kəsib. Şabran-Pirəbədil-Zeyvə yolunun əsaslı təmiri üçün Prezidentin Ehtiyat Fondundan 7,5 milyon manat vəsait ayrılıb. Layihənin ümumi smeta dəyəri 9,3 milyon manatdır. Uzunluğu 36 kilometr, eni isə 8-10 metr olan avtomobil yolunun əsaslı təmirinə 2012-ci ilin iyulunda başlanılıb, 2013-cü ilin iyununda başa çatdırılıb.
Şabran-Pirəbədil-Zeyvə yolu 4 min sakinin yaşadığı 11 məntəqəni, o cümlədən Taxtalar, Qələgah, Dağbilici, Zöhramlı, Pirəbədil, Sumaqova, Qorğan, Kilvar, Zeyvə, Mumlu və Sumaqova-Qazma kəndlərini əhatə edir. Yol boyunca 25 su keçidi inşa olunub. Burada 14 metr uzunluğunda körpü də salınıb. Yeni yolla tanış olan prezident İlham Əliyev müvafiq tapşırıq və tövsiyələrini verib.
Dövlət başçısı Yeni Azərbaycan Partiyası Şabran rayon təşkilatının inzibati binasının açılışında iştirak edib. Binanın rəmzi açılışını bildirən lenti kəsildikdən sonar prezident İlham Əliyevə məlumat verilib ki, binanın tikintisinə 2011-ci ilin dekabrında başlanılıb və inşaat işləri 2013-cü ilin iyulunda yekunlaşdırılıb. Binanın ətrafda əsaslı abadlıq işləri aparılmış və yaşıllıqlar salınıb.
Ümumi sahəsi 735 kvadratmetr olan ikimərtəbəli binanın girişində Heydər Əliyevin büstü qoyulub. Buradakı fotostendlərdə Heydər Əliyevin və prezident İlham Əliyevin ölkəmizin ictimai-siyasi həyatında, o cümlədən partiyanın fəaliyyəti ilə bağlı gördükləri işlər öz əksini tapıb. Binadakı otaqlarda səmərəli fəaliyyət üçün hər cür şərait yaradılıb.
Binada informasiya-kommunikasiya texnologiyalarının tətbiqi xüsusi diqqətdə saxlanılıb, bütün otaqlar lazımi avadanlıqla təchiz edilib. Müasir havalandırma sisteminin quraşdırıldığı binada 90 nəfərlik konfrans salonu da var.
Dövlətimizin başçısı binada yaradılmış şəraitdən razılığını bildirib.