Bu gün prezident İlham Əliyev Tacikistanın xarici işlər naziri Sirociddin Aslovu qəbul edib. Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, görüşdə dövlət başçısı Azərbaycan ilə Tacikistan arasında ikitərəfli münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb.
S. Aslov öz ölkəsinin prezidentinin salamlarını və ən xoş arzularını dövlətimizin başçısına çatdırıb. O, Emoməli Rəhmonun İ. Əliyevi Tacikistana rəsmi səfərə dəvət məktubunu dövlət başçısına təqdim edib.
Görüşdə Azərbaycan ilə Tacikistan arasında əməkdaşlıq üçün yaxşı hüquqi bazanın mövcudluğu vurğulanıb, ölkələrimizin müxtəlif sahələrdə, o cümlədən iqtisadi, ticarət, sənaye, sərmayə qoyuluşu və digər sahələrdə əlaqələrinin genişləndirilməsi üçün böyük imkanların olduğu bildirilib.