“Bizimlə əməkdaşlıq etmək istəyənlərin sayı artır. Eyni zamanda, yüksək səviyyəli qarşılıqlı səfərlər olub. Türkiyənin baş naziri Azərbaycanda səfərdə olub. Bələdiyyə seçkilərindən sonra bu, Baş nazirin ilk səfəri idi. Bizim dostluq, qardaşlıq və strateji tərəfdaşlıq münasibətləri bu səfər əsnasında bir daha təsdiqləndi”. Lent.az-ın məlumatına görə, bunu prezident İlham Əliyev Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zamanı bildirib.
Dövlət başçısı həmçinin İran səfərindən də danışıb: “Eyni zamanda, bu yaxınlarda mən İran İslam Respublikasına rəsmi səfər etmişəm. Bu səfər də çox uğurlu idi. Bu səfər zamanı imzalanan sənədlər, aparılan danışıqlar, fikir mübadiləsi bizim münasibətlərimizi daha da yüksək səviyyəyə qaldıracaq. Deyə bilərəm ki, bu səfərin çox böyük əhəmiyyəti vardır. Çünki səfər zamanı biz dostluq və səmimi əməkdaşlıq şəraitində bir çox məsələlərə aydınlıq gətirdik. Bir fikri ifadə etdik ki, bundan sonra da İran-Azərbaycan əlaqələri ancaq yüksələn xətlə inkişaf etməlidir. Hökumətlərarası birgə komissiyanın yeni formatı müəyyən edilir, yaxın zamanlarda tam şəkildə formalaşacaqdır. Bütün istiqamətlər üzrə çox fəal iş aparılacaq”
Prezident İlham Əliyevin sözlərinə görə, Azərbaycanın qonşu ölkələrlə əlaqələri ənənəvi olaraq çox müsbətdir. “Bizim beş qonşumuz var. Onlardan biri Ermənistandır – işğalçı dövlətdir, düşməndir. Dördü isə dostdur. Dost qonşularımızla əlaqələr bizim üçün prioritet məsələdir. Hesab edirəm ki, hər bir ölkə üçün onun qonşuları ilə münasibətləri xüsusi məna daşıyır. Bizi qonşularımızla tarix, keçmiş bağlayır. Bu gün biz müstəqil dövlətlər kimi ikitərəfli əlaqələrimizi dostluq, əməkdaşlıq, bir-birinin işinə qarışmamaq prinsipləri üzərində qururuq. Əminəm ki, bu münasibətlərin inkişafı hər bir ölkə üçün gələcəkdə böyük fayda verəcək”.
Ölkə prezidenti onu da qeyd edib ki, Azərbaycan regional müstəvidə iki üçtərəfli formatın təşəbbüskarı olub və bu formatlar artıq neçə ildir ki, fəaliyyət göstərir. “Azərbaycan-İran-Türkiyə formatı. Xarici işlər nazirləri mütəmadi qaydada görüşürlər. Eyni zamanda, Azərbaycan-Gürcüstan-Türkiyə formatı. Burada həm iqtisadi, həm də siyasi blok artıq format kimi formalaşıb. Bu, bizim təşəbbüsümüz olmuşdur. Hesab edirəm ki, çox düşünülmüş və müdrik təşəbbüs idi. Azərbaycan hər iki formatda fəal iştirak edir”.