İyunun 7-də Bakıda, “Buta” sarayında Yeni Azərbaycan Partiyasının (YAP) V qurultayı keçirilib. Lent.az-ın məlumatına görə, qurultayda çıxış edən partiyanın sədri, Azərbaycan prezidenti İlham Əliyev YAP-ın yaranmasından və keçdiyi yoldan, partiyanın banisi Heydər Əliyevin tarixi xidmətlərindən, təşkilatın ölkəmizin və cəmiyyətimizin həyatındakı rolundan bəhs edib.
Qurultay 2013-cü ilin oktyabrında keçiriləcək prezident seçkilərində Azərbaycan prezidenti, partiyanın sədri İlham Əliyevin namizədliyinin irəli sürülməsi barədə qərar qəbul edib.
Sonra təşkilati məsələlərə baxılıb.
Prezident İlham Əliyev yekdil səslə yenidən YAP-ın sədri seçilib. Sonra partiyanın 90 nəfərlik siyasi şurasının, 21 nəfərlik idarə heyətinin və 15 nəfərlik mərkəzi nəzarət-təftiş komissiyasının tərkibi seçilib.
Qurultaya yekun vuran Prezident, YAP-ın sədri İlham Əliyev ona göstərilən etimada görə minnətdarlığını bildirib və öz fəaliyyəti ilə bu etimadı doğruldacağını bəyan edib.