Prezident İlham Əliyev Azərbaycanda rəsmi səfərdə olan Bolqarıstanın baş naziri Plamen Oreşarskinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Lent.az-ın məlumatına görə, əvvəlcə prezident İlham Əliyevlə Bolqarıstan baş naziri Plamen Oreşarski arasında təkbətək görüş olub.
Görüşdə ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli münasibətlərin inkişafından məmnunluq ifadə olunub, tərəfdaşlıq əlaqələrimizin müxtəlif sahələrdə, o cümlədən energetika sektorunda genişləndirilməsinin önəmi vurğulanıb, əməkdaşlığımızın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Sonra görüş nümayəndə heyətinin iştirakı ilə davam etdirilib.
Azərbaycanla Bolqarıstan arasında siyasi sahədə əlaqələrin razılıq doğurduğunu vurğulayan İlham Əliyev iqtisadi sahədə də əməkdaşlığın genişləndirilməsi üçün yaxşı potensialın olduğunu bildirib. P.Oreşarskinin Azərbaycana ötən səfəri zamanı energetika sahəsində əməkdaşlığa dair mühüm sənədlərin imzalanmasına toxunan dövlət başçısı Azərbaycan və Bolqarıstanın tərəfdaş ölkələr kimi nəhəng regional infrastruktur layihəsinin reallaşdırılması istiqamətdə birgə fəaliyyətə başlamasından məmnunluğunu ifadə edib.
Ölkələrimiz arasında əlaqələrin genişləndirilməsində birgə layihənin önəmini qeyd edən Azərbaycan prezidenti bunun energetika, investisiya qoyuluşu, biznes, birgə istehsal sahələrinin yaradılması, turizm, kənd təsərrüfatı və digər sahələrdə genişləndirilməsi üçün də yaxşı imkan yaratdığını vurğulayıb. Bolqarıstan şirkətlərini ölkəmizdə həyata keçirilən layihələrdə iştirak etməyə dəvət edən İlham Əliyev Azərbaycanın da Bolqarıstanda tərəfdaş və investor kimi fəaliyyət göstərməkdə maraqlı olduğunu deyib. Dövlət başçısı iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsində siyasi münasibətlərin əhəmiyyətini vurğulayıb. İlham Əliyev Bolqarıstan baş nazirinin ölkəmizə səfəri zamanı əməkdaşlığımızın müxtəlif sahələrdə inkişaf etdirilməsi ilə bağlı səmərəli müzakirələr aparılacağına ümidvar olduğunu bildirib.
Yüksək qonaqpərvərliyə görə Azərbaycan prezidentinə minnətdarlığını ifadə edən P. Oreşarski səfəri zamanı Azərbaycan xalqının bolqar xalqına olan dostluq münasibətinin bir daha şahidi olduğundan məmnunluğunu bildirib. Baş nazir Bolqarıstanla Azərbaycan arasında siyasi münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayıb. Ölkələrimiz arasında energetika sahəsində əməkdaşlığın uğurla inkişaf etdiyini bildirən Bolqarıstanın baş naziri sürətlə inkişaf edən Azərbaycanda nəqliyyat, kimya, təhsil, mədəniyyət və digər sahələrdə əməkdaşlıq üçün geniş imkanların olduğunu diqqətə çatdırıb.
Prezident İlham Əliyev bu gün həmçinin Qazaxıstan parlamenti Məclisinin sədri Nurlan Niqmatulinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Görüş zamanı dövlət başçısı Azərbaycanla Qazaxıstan arasında ikitərəfli münasibətlərin dinamik şəkildə inkişaf etdiyini vurğulayıb.
Prezident İlham Əliyev Qazaxıstan prezidenti Nursultan Nazarbayevlə bu yaxınlarda Soçidə görüşünü məmnunluqla xatırlayıb. Ölkələrimiz arasında siyasi münasibətlərin yüksək səviyyədə olduğunu deyən dövlət başçısı əməkdaşlığımızın daha da möhkəmləndirilməsində parlamentlərarası əlaqələrin önəmini qeyd edib. Ölkələrimizin istər ikitərəfli formatda, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlıq etdiyini vurğulayan prezident İlham Əliyev Qazaxıstan parlamenti Məclisinin sədri Nurlan Niqmatulinin ölkəmizə səfərinin münasibətlərimizin gələcəkdə daha da genişləndirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirib.
Öz növbəsində Qazaxıstan parlamenti Məclisinin sədri N.Niqmatulin prezident Nursultan Nazarbayevin salamlarını Azərbaycanın dövlət başçısına çatdırıb. O bildirib ki, ölkəmizə səfərə gələrkən Qazaxıstan prezidenti onu şəxsən qəbul edib və prezident İlham Əliyevə ən səmimi arzularını, möhkəm cansağlığı və Azərbaycan xalqına firavanlıq və əmin-amanlıq diləklərini çatdırmağı xahiş edib.
N.Niqmatulin ölkələrimiz arasında əlaqələrin inkişafında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevlə Nursultan Nazarbayev arasında dostluq münasibətlərinin və qarşılıqlı hörmətin rolunu xüsusi vurğulayıb. O, bu əlaqələrin hazırda daha da genişləndirilməsində dövlət başçılarının arasında səmimi dostluq münasibətlərinin önəmini vurğulayıb. N.Niqmatulin Qazaxıstan prezidentinin məktubunu Azərbaycan prezidentinə təqdim edib.
Görüşdə Azərbaycanla Qazaxıstan arasında əməkdaşlığın bir sıra sahələrdə genişləndirilməsinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Prezident İlham Əliyev prezident Nursultan Nazarbayevin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Qazaxıstan prezidentinə çatdırmağı xahiş edib.