APA-nın verdiyi xəbərə görə, prezident İlham Əliyev Rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak edib. Dövlət başçısı əvvəlcə rayon ictimaiyyətinin nümayəndələri və tibb işçiləri ilə görüşüb.
Yeni xəstəxananın istifadəyə verilməsi münasibətilə təbriklərini çatdıran prezident İlham Əliyev burada ən müasir tibbi avadanlığın quraşdırıldığını bildirib. Dövlət başçısı vurğulayıb ki, mövcud şərait bu xəstəxanada yüksək səviyyəli tibbi xidmətin göstərilməsinə imkan verəcək.
Prezident İlham Əliyev Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının yeni binasının rəmzi açılışını bildirən lenti kəsib.
Səhiyyə naziri Oqtay Şirəliyev bildirib ki, xəstəxana beş korpusdan və bir yoluxucu xəstəliklər bölməsindən ibarətdir. Yeni səhiyyə müəssisəsində əməliyyat boksu, cərrahiyyə və reanimasiya, doğum, ginekologiya, observasiya, otolarinqologiya, kardioloji, terapiya, uşaq qəbulu, uşaq terapiya, hemodializ, şüa-diaqnostika şöbələri, poliklinika və uşaq poliklinikası, konfrans zalı, laboratoriya, camaşırxana, digər yardımçı sahələr fəaliyyət göstərəcək.
Sonra prezident İlham Əliyev Gənclər Mərkəzinin açılışında iştirak edib. Dövlət başçısı mərkəzin rəmzi açılışını bildirən lenti kəsib, burada yaradılan şəraitlə tanış olub. Binanın birinci mərtəbəsində oyun zalı yaradılıb. Burada müxtəlif növ oyun aparatları, dördcərgəli boulinq zalı, kafe fəaliyyət göstərəcək.
Daha sonra dövlət başçısı Ağcabədidə “Aqat–aqro” heyvandarlıq kompleksinin açılışında iştirak edib. Prezidentə bildirilib ki, ümumi dəyəri 21 milyon manat olan iribuynuzlu heyvandarlıq kompleksinin yaradılmasına İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 7,5 milyon manat, dəyəri 5 milyon manat olan keçi təsərrüfatının yaradılmasına isə 3,5 milyon manat güzəştli kredit verilib. Üç min başlıq iribuynuzlu heyvandarlıq kompleksi ən müasir ferma avadanlığı – avtomatik yönləndirmə və yemləmə sistemləri, bir dəfəyə 40 baş inək tutumlu karusel tipli sağım avadanlığı, soyutma sistemləri və s. ilə təchiz edilib.
Müəssisənin hazır məhsullarına baxan prezident İlham Əliyevin diqqətinə çatdırılıb ki, gələcəkdə “Atena” zavodu Fransanın “Danone” şirkəti ilə birgə süd məhsulları istehsal edəcək.
Elektromobillə müəssisənin ərazisini gəzən dövlət başçısına keçi təsərrüfatı barədə də məlumat verilib. Bildirilib ki, 8 ferma, sağım və yem sexindən ibarət olacaq 2 min başlıq cins damazlıq keçi təsərrüfatında artıq 6 ferma istifadəyə verilib.
Azərbaycan prezidentinə Ağcabədi və Beyləqan rayonlarının ərazisində yaradılan özəl pilot taxılçılıq təsərrüfatının əvvəlki və hazırkı vəziyyətini əks etdirən stendlər də təqdim olunub.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirib ki, dövlət başçısının tapşırıqlarına uyğun olaraq Ağcabədi və Beyləqan rayonlarında 4,8 min hektar qış otlaq sahələrində özəl pilot taxılçılıq təsərrüfatı yaradılıb. Yüksək reproduksiyalı toxumlardan və yeni intensiv əkin metodlarından istifadə etməklə yetişdirilmiş buğda sahələrində biçin başa çatıb. Hər hektardan 55 sentnerədək məhsul götürülüb.