”BMT Təhlükəsizlik Şurasının üzvü kimi Azərbaycanın dövlət olaraq məsuliyyəti artıq milli və regional səviyyədən qlobal miqyaslara çıxıb”. Lent.az-ın məlumatına görə, bunu Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev Azərbaycanın 2015-ci ildən sonrakı inkişafına dair milli dialoqlara həsr olunmuş tədbirdə çıxışı zamanı bildirib.
R. Mehdiyev qeyd edib ki, Azərbaycan Afrika, Latın Amerikası, Karib hövzəsi ölkələrinin, həmçinin Əfqanıstan və İraqın inkişafında öz töhfəsini verməkdədir: “2015-ci ilə qədər Minilliyin İnkişaf Məqsədləri, daha sonra isə Davamlı İnkişaf Məqsədləri çərçivəsində Azərbaycan dövləti təkcə donor statusunda deyil, həm də xaricdə yatırdığı sərmayə və digər iştirak formalarından istifadə etməklə BMT-nin missiyasına böyük töhfələr vermək əzmindədir. Lakin təəssüf ki, Azərbaycan dövlətinin qarşılaşdığı təcavüzün nəticələrinin aradan qaldırılması üçün tələb olunan böyük maliyyə vəsaiti bizim BMT-nin qlobal çağırışlarına daha çox töhfə vermək imkanlarımızı məhdudlaşdırır. Dünyanın ən əhatəli və nüfuzlu bir qurumu olan BMT-nin Azərbaycanın işğal olunmuş ərazilərinin qeyd-şərtsiz boşaldılmasını nəzərdə tutan 4 qətnaməsi hələ də icra olunmur”.
RA rəhbəri deyib ki, Iki gün əvvəl Minsk qrupu həmsədr ölkələrin başçıları: Vladimir Putin, Barak Obama və Fransua Olland yaydıqları bəyanat Azərbaycan və Minsk qrupu həmsədrlər tərəfindən irəli sürülmüş yeniləşmiş Madrid prinsiplərindən, demək olar ki, kənara çıxmır. Lakin Ermənistan bunu qəbul etmir.
PA rəhbərinin sözlərinə görə, Ermənistanın bugunkü siyasəti regionda vəziyyəti gərginləşdirir və bütün
yollarla yaranmış status-kvonu saxlamağa calışır. ”Ermənistan rəhbərliyi başa düşməlidir ki, Azərbaycan
dövləti öz haqq yolundan geri çəkilməyəcək. Zaman Ermənistanın xeyrinə işləmir. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi xüsusilə Cənubi Qafqaz regionunda Davamlı İnkişaf Məqsədlərinin reallaşmasına daha geniş üfüqlər açar və humanitar böhran girdabında çabalayan Ermənistanın da sivil dünya ilə inteqrasiyasına daha münasib şərait yaradardı.
R. Mehdiyev onu da vurğulayıb ki, güclü iqtisadi təməl olmadan diasporanın maliyyə yardımları hesabına yaşayan dövlət hansı perspektivdən söhbət aça bilməz: “Ermənistanın öz inkişafı naminə dinc qonşuluq siyasətinə və regional əməkdaşlığa böyük ehtiyacı var. Əksinə indiki status-kvonun davam etməsi Ermənistanı böyük regional layihələrdən kənarda saxlayır, iqtisadi tənəzzülünü sürətləndirir və onu Davamlı İnkişaf üçün təhlükə mənbəyi olaraq saxlayır.
BMT bu həqiqəti nəzərə almalı və Cənubi Qafqazın Davamlı İnkişafı naminə işğalçıları Azərbaycan torpaqlarından çıxarılmasını, özünün 4 qətnaməsinin sülh və təhlükəsizliyin təmin olunması üçün həlledici sözünü deməlidir”.