APA-nın məlumatına görə, fərmana əsasən, “Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə”də nəzərdə tutulan səlahiyyətli orqanı hər bir texnologiyalar parkına münasibətdə Azərbaycan prezidenti ayrıca müəyyən edir.
Fərmana əsasən, Bakı şəhərinin Pirallahı rayonunda yaradılmış Yüksək Texnologiyalar Parkına münasibətdə səlahiyyətli orqanın funksiyalarını Rabitə və Yüksək Texnologiyalar Nazirliyi həyata keçirir.
Azərbaycanın Nazirlər Kabinetinə üç ay müddətində Azərbaycan prezidentinin aktlarının fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan prezidentinə təqdim etmək tapşırılıb.
Nazirlər Kabinetinə, həmçinin, qeyd olunan Əsasnamənin müvafiq bəndlərinə uyğun olaraq:
Nazirlər Kabinetinin normativ hüquqi aktlarının fərmana uyğunlaşdırılmasını təmin edib prezidentə məlumat vermək;
Texnoloji biznes inkubatoru rezidentlərinin qeydiyyatının, həmçinin texnologiyalar parkı rezidentlərinin və texnoloji biznes inkubatoru rezidentlərinin reyestrinin aparılması qaydasını müəyyən etmək;
Texnologiyalar parkının və texnoloji biznes inkubatorunun qeydiyyat şəhadətnaməsinin formasını müəyyən etmək;
Texnologiyalar parkının rezidenti kimi qeydiyyatdan keçmək üçün ərizənin formasını və ona əlavə edilən sənədlərin siyahısını müəyyən etmək;
Texnologiyalar parkının ekspertlər şurası haqqında əsasnaməni təsdiq etmək;
Birgə texnologiyalar parkının fəaliyyətinin təşkili və idarə olunması qaydasını müəyyən etmək;
Mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində Azərbaycan prezidentinə məlumat vermək tapşırılıb.
Bundan başqa Nazirlər Kabinetinə fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
Ədliyyə Nazirliyinə tapşırılıb ki, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat versin .