Aprelin 7-də prezident İlham Əliyev yeni yaradılan “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi ilə tanış olub. Lent.az-ın AzərTAC-a istinadən verdiyi məlumata görə, bildirilib ki, Naxçıvan şəhərinin əsası Nuh peyğəmbər tərəfindən qoyulub.
Dünyanın ən qədim insan məskənlərindən biri olan Azərbaycanın Naxçıvan Muxtar Respublikasının ərazisində xalqımız tarixin bütün dövrlərində zəngin mədəniyyət və memarlıq nümunələri yaradıb. Tarixi araşdırmalar göstərir ki, bu memarlıq abidələri arasında özünəməxsus yeri olan Naxçıvanqala yalnız müdafiə məqsədi daşımayıb. Bu qala, eyni zamanda, burada formalaşmış ilkin şəhər mədəniyyətinin ayrılmaz elementinə çevrilib. İlk orta əsrlərə aid mənbələrdə tarixçilər Naxçıvan şəhərini ətrafı möhkəmləndirilmiş qala kimi xarakterizə edirlər. Naxçıvan şəhərinin 1827-ci ilə aid planında Naxçıvanqalanın sxematik təsviri də verilib. Plana əsasən, qala iki hissədən – kiçik qala, yəni Narınqala və Böyük qaladan ibarət olub. Xalqımız Narınqalanın qalıqlarını günümüzədək qoruyub saxlaya bilib. Daş qatışığı olan möhrədən tikilən qala divarları yarımdairəvi bürclərlə möhkəmləndirilib. Yaşayış binaları, əsasən, qala divarları boyunca salınıb, onların damından döyüşçülərin və qala keşikçilərinin hərəkət etməsi üçün istifadə olunub. Ötən əsrin ortalarında Naxçıvanqalada aparılan tədqiqatlar zamanı zəngin arxeoloji materiallar - saxsı qablar və Tunc dövründə duz mədənlərində əmək aləti kimi istifadə olunmuş daş gürzlər aşkar edilib. Bu hadisə sənətkarlığın inkişaf etdiyi və şəhər mədəniyyətinin formalaşdığı tarixi-etnoqrafik ərazilərdən biri kimi Naxçıvanqalanın əhəmiyyətini daha da artırır.
Diqqətə çatdırılıb ki, kompleksdəki mağarada da bərpa işləri aparılıb. Bir neçə istiqamətə, o cümlədən Naxçıvan çayına çıxışı olan mağaradan sakinlər hərbi hücumlar və mühasirələri yarmaq üçün istifadə edib. Qalanın xüsusiyyətlərindən biri də onun altından kəhrizlərin keçib. Bu fakt həm dinc, həm də mühasirə və müharibə dövrlərində qala sakinlərinin su ilə təminatına və ərzaq məhsullarının saxlanmasına şərait yaradıb.
Muzey kompleksi ilə tanış olan prezident İlham Əliyev tapşırıq və tövsiyələrini verib.