“Yaxın illərdə bir dənə də köhnə, dağılmış, qəzalı vəziyyətdə hərbi hissə, yaxud da ki, tikili olmayacaq. Əfsuslar olsun ki, bu sahəyə əvvəlki illərdə diqqət göstərilmirdi, biz bunu açıq deməliyik”. Lent.az-ın “AzərTAc”-a istinadən verdiyi məlumata görə, bunu prezident İlham Əliyev Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bildirib.
Dövlət başçısı onu bildirib ki, bu il ordu quruculuğu ilə bağlı böyük proqramlar həyata keçirilir: “Nəinki silah-sursat alınır, eyni zamanda, tikinti işləri aparılır. Mən onların arasında Hərbi Dəniz Qüvvələri bazasını xüsusilə qeyd etmək istəyirəm. Artıq neçə ildir ki, bu böyük baza tikilir. Ümid edirəm ki, biz bu il bu bazanı artıq açacağıq. Digər hərbi şəhərciklərdə tikinti-quraşdırma işləri aparılır. Yeni hərbi bazalar tikilir. Bütün şəhərciklərdə, hərbi hissələrdə, hərbi bazalarımızda ən yüksək standartlar tətbiq edilir. Çünki bizim zabitlərimiz, əsgərlərimiz yaxşı şəraitdə xidmət göstərməlidirlər. Bizim əsgərlərimiz, zabitlərimiz ən yüksək şəraitdə xidmət aparmalıdırlar və yaşamalıdırlar. Ona görə qarşıya vəzifə qoyulub və vəsait ayrılıb ki, qısa müddət ərzində, bəlkə də növbəti iki il ərzində hərbi hissələrdə bir dənə də qəzalı, yararsız, köhnə tikili olmasın”.
Prezident İlham Əliyevin sözlərinə görə, yeni tikilmiş gəmiqayırma zavodundan da hərbi təyinatlı gəmilərin istehsalı üçün istifadə edilməlidir: “Çünki bu zavodda istənilən gəmi istehsal oluna bilər. Artıq zavoda ilkin sifarişlər də verilməyə başlayıb. Hesab edirəm ki, Müdafiə Nazirliyi də hərbi gəmilərin tikintisi ilə bağlı bu zavoda sifariş verməlidir. Maliyyə Nazirliyi bu məsələnin maliyyə tərəfini təmin etməlidir. Hesab edirəm ki, biz bu il artıq bu işə başlamalıyıq. Çünki gəminin tikintisi çox vaxt aparacaq. Biz burada da vaxt itirməməliyik ki, həm zavod tam gücü ilə işləsin, həm də biz hərbi donanmamızı müasirləşdirək”.