“2003-cü ildə Azərbaycanın hərbi büdcəsi 163 milyon dollar idi. Keçən il bu rəqəm 3,6 milyard idi, bu il isə 3,7 milyard dollara çatıb”. Lent.az-ın məlumatına görə, bunu Bakının Azadlıq meydanında Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyinə həsr olunmuş hərbi paradı qəbul edən prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev öz çıxışı zamanı bildirib.
Ali Baş Komandan bildirib ki, son illər ərzində ordunun texniki təchizatı sahəsində də çox böyük inkişafa nail olunub: “Son illər ərzində ən müasir texnika, silah-sursat alınıb. Son vaxtlar alınan və Azərbaycan daxilində istehsal olunan texnikanın bir hissəsi bugünkü paradda nümayiş etdiriləcək. Burada texnikanın sadəcə cüzi bir hissəsi göstəriləcək”.
İlham Əliyev qeyd edib ki, Azərbaycan son illər ərzində hərbi məqsədlər üçün çox böyük vəsaitlər xərcləyib: “Bu, öz-özlüyündə onu göstərir ki, ordu quruculuğu prioritet məsələdir, büdcəmizdən ordu quruculuğuna böyük vəsaitlər ayrılır. Bu da təbiidir”.
Azərbaycan prezidenti vurğulayıb ki, ölkənin son illər ərzində əldə etdiyi silahlar müasir, yüksək dəqiqliyə və çox böyük məhvetmə qabiliyyətinə malik olan silahlardır: “Son illərdə 100-ə yaxın döyüş və nəqliyyat helikopteri alınıb. Onlarla döyüş təyyarəsi, hava hücumuna qarşı ən müasir qurğular alınıb. Zirehli maşınlar, ən müasir tanklar, ən müasir artilleriya qurğuları alınıb ki, onlar da düşmənin istənilən nöqtəsini məhv etməyə qadirdir”.
“Birləşmiş Millətlər Təşkilatının məlum 4 qətnaməsi Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş torpaqlarından qeyri şərtsiz çıxmasını tələb edir. Bizim mövqeyimiz də güclü ordu ilə tamamlanır. Ona görə də ordu quruculuğuna çox böyük diqqət göstərilib”.
Prezident qeyd edib ki, Azərbaycan ordusundakı inkişaf daimi prosesdir: “Mən hərbi hissələrdə tez-tez oluram, vəziyyətlə tanış oluram. Görürəm ki, ordumuzun döyüş qabiliyyəti artır, peşəkarlığı artır. Nizami ordumuz var. Bütün cəmiyyətdə olduğu kimi, orduda da vətənpərvərlik ruhu yüksək səviyyədədir. Orduda xidmət edənlərin mütləq əksəriyyəti gənclərdir və mən çox şadam ki Azərbaycan gəncləri vətənpərvərlik ruhunda tərbiyə alır. Orduda xidmət edənlər öz vətəninə, xalqına bağlı olan, sevən insanlardır. Bütün bu amillər ordumuzu gücləndirir”.