Prezident: “Azərbaycan özü terrorizmin qurbanı olub”
21 may 2014 18:48 (UTC +04:00)

Prezident: “Azərbaycan özü terrorizmin qurbanı olub”

 

“Erməni terror təşkilatları Azərbaycana qarşı 30-dan artıq terror aktı törədiblər”


“Asiyada təhlükəsizlik tədbirləri qlobal təhlükəsizliyin bir hissəsidir. Biz təhlükəsizlik tədbirlərinə kompleks yanaşmanın tərəfdarıyıq. Terrorizmə qarşı mübarizə, regional, enerji, nəqliyyat və informasiya təhlükəsizliyinin təmin olunması, dondurulmuş münaqişələrin həlli kimi məsələlər bir-biri ilə sıx bağlıdır və bəşəriyyətin təhlükəsizliyi üçün vahid mövqenin ortaya qoyulmasını zəruri edir.
Azərbaycan beynəlxalq terrorizmə qarşı mübarizədə səylərin birləşdirilməsini dəstəkləyir. Azərbaycan özü terrorizmin qurbanı olub. Təkcə müstəqillik illərində erməni terror təşkilatları Ermənistanın dövlət qurumlarının rəhbərliyi ilə Azərbaycana qarşı 30-dan artıq terror aktı törədiblər ki, bunun da nəticəsində 2000-dən çox insan həlak olub”.

 

Lent.az-ın məlumatına görə, bunu prezident İlham Əliyev Şanxayda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin dördüncü Zirvə Toplantısında çıxışında bildirib. O qeyd edib ki,  bu terror aktları Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin tərkib hissəsidir: “Bu siyasət nəticəsində Azərbaycan ərazisinin 20 faizi, tarixi torpağımız olan Dağlıq Qarabağ və ətrafındakı yeddi rayon Ermənistan tərəfindən işğal olunub, bu ərazilərdə etnik təmizləmə siyasəti aparılıb, bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. 1992-ci ilin fevral ayında erməni silahlı qüvvələri Xocalıda dinc əhaliyə qarşı soyqırımı törədiblər. Bu soyqırımı nəticəsində 613 günahsız insan qətlə yetirilib. Bu gün dünyada 10-dan çox ölkə Xocalı soyqırımını rəsmən tanıyıb”.

 

Prezidentin sözlərinə görə, beynəlxalq birlik və beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır və münaqişənin beynəlxalq hüquq normalarına uyğun, ədalətli həllinin tərəfdarıdır. “Münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, Qoşulmama Hərəkatı, ATƏT, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatların müvafiq qərar və qətnamələri var. Mən, həmçinin Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin üzvü olan dövlətlərə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında sülh yolu ilə həllini dəstəklədiklərinə görə təşəkkür edirəm. ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan danışıqlarda bu günə qədər irəliləyiş əldə edilməyib. Ermənistan münaqişənin həllində maraqlı deyil. Bizim qəti mövqeyimiz bundan ibarətdir ki, münaqişə ancaq beynəlxalq hüquq normalarına uyğun və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır.
Münaqişə şəraitində olmasına baxmayaraq, Azərbaycan son illərdə sürətli inkişaf dövrünü yaşayır. İqtisadiyyatımız 3 dəfədən çox artıb, işsizliyin səviyyəsi 5 faizə, yoxsulluğun səviyyəsi isə 5,3 faizə düşüb. Bu inkişaf Azərbaycanda sabitliyin təmin olunması nəticəsində əldə edilib. Eyni zamanda, bu nailiyyətlər sabitliyi daha da möhkəmləndirir.

 


Azərbaycanın bu gün iştirakçısı və təşəbbüskarı olduğu müxtəlif beynəlxalq layihələr geniş regional əməkdaşlıq üçün artıq möhkəm əsas yaradıb. Mən xüsusən də enerji təhlükəsizliyinə aid olan layihələri qeyd etmək istəyirəm. Bu layihələr həm Cənubi Qafqazın, həm də daha geniş regionun enerji xəritəsini tam dəyişərək, bütün iştirakçılara fayda gətirən çox mühüm əməkdaşlıq nümunəsinə çevrilmişdir.
Ölkəmizin neft ixracının təxminən 28 faizi Asiyadakı tərəfdaşlarının payına düşür. Bununla Azərbaycan Asiya ölkələrinin enerji təhlükəsizliyinə töhfə verir. Düşünürəm ki, bu əməkdaşlığın daha böyük perspektivləri var”.
 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1220
avatar

Oxşar yazılar